Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda keçirilən konfransda iştirak ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkənin aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Naxçıvana səfər ediblər.

Azərbaycan Ağsaqqallar Şurasının nümayəndə heyətinin tərkibində Şuranın sədr  müavinləri – professor Vahid Novruzov və Bayram Yusifov, İdarə Heyətinin üzvləri Arif Həşimov, Elbay Qasımzadə, İbrahim Quliyev, Aparat rəhbəri Ramin Həsənli, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, təşkiltın böyük məsləhətçi-hüquqşünası Kamal Əliyev, mətbuat katibi Rafiq Rzayev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Arif Hümbətov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov, Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev və Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov olub.

Səfər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeydə Ulu Öndərin zəngin həyat yolu və fəaliyyəti barədə geniş məlumat verilib.

Səfər çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Heydər Əliyev İli” ilə əlaqədar “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirələri bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edən Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə gördüyü işlər respublikamızın iqtisadi qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Fikir plüralizmi, vətəndaş cəmiyyəti quruculuğu, sosial rifah, sistemli hüquqi islahatlar Ulu Öndərin fəaliyyətinin əsas prioritetləri olub.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək, vətəndaş cəmiyyətinin təşəkkülündə və ölkənin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayıb. Bildirib ki, məhz onun müəllifliyi və təşəbbüsü ilə 1995-ci ildə qəbul edilən yeni və müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından salamlayaraq öz çıxışında həyatını Vətənimizə, millətimizə həsr etmiş Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə xilaskarlıq missiyasını çox böyük uğurla həyata keçirməsindən, onun misilsiz xidmətlərindən bəhs edib. Müasir Azərbaycan cəmiyyətinin formalaşmasının və qurulmasının birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək vurğulayıb ki, bu gün hər bir azərbaycanlı Ulu Öndərin ən böyük sənət əsəri olan müstəqil və inkişaf etmiş Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, dahi rəhbərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha sıx birləşməklə nümayiş etdirir. Vahid Novruzov Ulu Öndər Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin davamçısı Ölkə başçısı cənab İlham Əliyevin öz əməli işi, genişmiqyaslı fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdiyini, onun başçılığı altında xalqımızın və dövlətimizin  bundan sonra da yeni-yeni uğurlara nail olacağını əminliklə vurğulayıb.

Natiq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vətəndaş cəmiyyətinin mühüm institutlarından olan Azərbaycan Ağsaqqallar Şurasının ölkəmizin ictimai-siyasi həyatında fəal və davamlı iştirakından bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin xüsusi ehtiramla yanaşdığı və çox güvəndiyi Azərbaycan ağsaqqalları ölkəmizdə ictimai-siyası sabitliyin bərqərar olmasında böyük rol oynayıblar, bu gün də öz səmərəli fəaliyyətlərini uğurla davam etdirirlər. Vahid Novruzov ağsaqqallara dövlət səviyyəsində göstərilən hörmət və qayğının  indi də yüksək səviyyədə olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ağsaqqallara böyük diqqət göstərdiyini, onları mənəvi sərvət kimi dəyərləndirdiyini qeyd edib.

Tədbirdə, həmçinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin, 44 günlük Vətən müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri Birliyinin sədri Bəhruz Məmmədzadənin, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyevin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun və başqalarının çıxışları dinlənilib. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı işlər barədə ətraflı söz açılıb. Vurğulanıb ki, belə bir mötəbər tədbirin Ulu Öndər Heydər Əliyevin vətəni Naxçıvanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Konfransdan sonra qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəzdə bronxial astma, əsəb, qaraciyər və öd yolları, revmatoloji və başqa xəstəlikləri olan vətəndaşlar qəbul edilir və onlar səmərəli fizioterapevtik müalicə prosedurlarından keçirlər. Müalicə prosesi tam təbii üsullarla aparılır.

Daha sonra Naxçıvan şəhəri, eləcə də Möminə Xatun türbəsi ilə tanışlıq olub.

Səfərdə Azərbaycan Ağsaqqallar Şurası ilə yanaşı həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media qurumları və veteranlar təşkilatlarından ümumilikdə 250 nümayəndə iştirak edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.