Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, Bayram Yusifov, akademik Abel Məhərrəmov, İdarə Heyətinin üzvləri – professorlar Aqiyə Naxçıvanlı və İbrahim Quliyev, akademik Arif Həşimov, Akif Rəfiyev, Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Məhərrəm İbadov, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov, eləcə də rayon təşkilatlarının sədr müavinləri və üzvləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar may ayının 9-da Fəxri Xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Ziyarət zamanı Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolundan, müstəsna xidmətlərindən söz açaraq bildirib ki, biz hər il dahi şəxsiyyətin anadan olduğu ildönümləri ölkəmizin müasir dövlətçilik salnaməsinin şanlı səhifələri kimi qeyd edirik. Xalqımızın mənəvi dəyərlər xəzinəsi olan Ümummilli Liderin zəngin irsi, dövlətçilik təcrübəsi ağsaqqallarımız tərəfindən daim cəmiyyətimizə, xüsusilə gənclərimizə təbliğ olunur. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası, sosial-iqtisadi siyasət, vətəndaşlarımıza, eləcə də ağsaqqallara göstərdiyi yüksək diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.