14 oktyabr 2025-ci ildə Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Vətən müharibəsi şəhidi Əsgərov Rüfət Mürvət oğlunun anım günü ilə əlaqədar məzarını ziyarət ediblər, əziz xatirəsini ehtiramla anıblar.
Anım tədbirində şəhidin atası, Xətai Rayon Ağsaqqqallar Şurasının sədri Mürvət Əsgərovla yanaşı, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkili Pərvanə Vəliyeva, Nərimanov Rayon Ağsaqqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası Arif Hümbətov, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, Xəzər Rayon Ağsaqqallar Şurasının sədr müavini Balaəli Əliyev və digər ağsaqqallar, həmçinin şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı üzərinə gül dəstələri düzərək ehtiramlarını bildiriblər. Mərasimdə çıxış edənlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid mayor Əsgərov Rüfət Mürvət oğlunun qəhrəmanlığından söz açıblar, onun və digər şəhidlərimizin göstərdiyi şücaətin heç zaman unudulmayacağını vurğulayıblar. Şəhidin atası, Xətai Rayon Ağsaqqqallar Şurasının sədri Mürvət Əsgərov şəhid oğlunun anım günündə onun xatirəsinə göstərilən hörmət və ehtirama görə hər kəsə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Əsgərov Rüfət Mürvət oğlu 1981-ci il avqustun 29-da Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. 1988–1996-cı illərdə Xətai rayonunda Ə. Əliyev adına 204 nömrəli tam orta məktəbdə, 1996–1999-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 1999–2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) davam etdirib.
“Leytenant” hərbi rütbəsi ilə Rüfət Əsgərov 2003–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində, “baş leytenant” hərbi rütbəsi ilə isə 2009–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. “Kapitan” hərbi rütbəsində 2012–2014-cü illərdə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə, 2014-cü ildə isə Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib. 2014-cü ildə “mayor” hərbi rütbəsi alan Rüfət Əsgərov həmin ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) “Kəşfiyyat” kafedrasının baş müəllimi olub.
Azərbaycan Ordusunun mayoru Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda döyüşlərdə, həmçinin Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə vuruşub. Ermənistan silahlı qüvvələrinin 24-dən çox hərbçisini məhv edib, həmçinin üç postun Azərbaycan Ordusunun nəzarəti altına alınmasında fərqlənib. Rüfət Əsgərov oktyabrın 14-də Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Rüfət Əsgərov ailəli idi, 2 övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Rüfət Əsgərov ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Şəhid mayor Rüfət Əsgərov ordudakı misilsiz xidmətlərinə görə, həmçinin, I və II dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.