Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərdə iştirak edirlər

Artıq bir müddətdir ki, Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar ölkəmizin şəhər və rayonlarında silsilə tədbirlər keçirilir. Bu tədbirlərdə Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının  üzvləri də mütəmadi şəkildə yaxından iştirak edirlər. Lerik rayonunda keçirilən belə bir növbəti tədbirə Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov və ağsaqqallar da qatılıblar.

Tədbirdə ilk öncə ulu öndər Heydər Əliyevin və  Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev vurğulayıb ki, ölkəmizdə qazanılmış bütün nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Azərbaycanı Cənubi Qafqazın lideri etməklə yanaşı, beynəlxalq müstəvidə də nüfuzunu əhəmiyyətli dərəcədə artırıb, ölkəmizi sülh və sabitlik adasına çevirib. Azərbaycanın inkişafında YAP-ın özünəməxsus rolu var. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə öz sıralarını daha da genişləndirən partiya gələcəkdə də bu istiqamətdə işlərini davam etdirəcək . Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi – xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini tam təmin etmiş oldu, – deyə Malik Mirzəyev bildirib.

Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov da çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə 1992-ci il oktyabrın 16-da xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, 91 nəfər Azərbaycan ziyalısı ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Öz çıxışında Elxan Qənbərov, həmçinin, Azərbaycan Ağsaqqallar Şurası ilə YAP arasında mövcud olan sıx və konstruktiv əməkdaşlıq münasibətlərindən də bəhs edib.

Daha sonra çıxış edən rayon ağsaqqalı, pedaqoq, təqaüdçü Zakir Vəliyev qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı cənab İlham Əliyevə miras kimi qoydu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir.

Çıxışlardan sonra bir qrup partiya fəalı Fəxri fərmanlarla təltif ediliblər. Eyni zamanda partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.