Xəbərlər

Azərbaycanda hər zaman ağsaqqallara böyük ehtiram olub

Bu fikri Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Nərimanov Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəbir Hüseynovun 90 illik yubileyi münasibətilə keçirilən tədbirdə səsləndirib.
Müəllimliyi, tarixçiliyi və jurnalistliyi özündə birləşdirən, doğma Ağdamda əmək fəaliyyətinə pedaqoq kimi başlayan Bəbir Hüseynov sonralar Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, bir müddət rayonda partiya işində çalışıb. Ötən əsrin 70-ci illərinin axırlarında Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra “Ağdam” adı ilə çıxan rayon qəzetində redaktorluq fəaliyyətinə başlayıb. 20 il həmin qəzetin redaktoru olub. O, rəhbərlik etdiyi dövrdə “Ağdam” qəzeti redaksiyasında sağlam və yaradıcı kollektiv formalaşdırmağa nail olub, qəzet rayon həyatının salnaməçisinə çevrilib, üstəlik respublikamızın ən yaxşı rayon qəzetlərindən biri kimi tanınıb. Bəbir müəllim hazırda Nərimanov Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi təşkilatın fəaliyyətində yaxından iştirak edir, gənc nəslin milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsində mühüm rol oynayır.
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgün Həbibullayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, təqaüddə olan polkovniklər Həmid Cəfərov, Sücəddin Abdullayev və başqaları onun çoxşaxəli vətənpərvər fəaliyyəti haqqında bəhs ediblər. Qeyd olunub ki, Bəbir Hüseynov məcburi köçkünlüyün mərhumiyyətlərini yerli camaatla birlikdə yaşayıb, qəzeti onların yurd həsrətinin, arzu, istək və müraciətlərinin tribunasına çevirib. Redaktorluqdan 1998-ci ildə ayrılsa da, jurnalistikadan, yaradıcılıqdan bir an belə uzaq düşməyib. Bir-birinin ardınca “Ömürdən qalan izlər”, “Həyat illərin aynasında”, “Qarabağ tarixindən səhifələr” adlı kitablarını qələmə alıb.
Yubilyarı Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından təbrik edən təşkilatın Aparat rəhbəri Ramin Həsənli Bəbir Hüseynova Allahdan uzun ömür, möhkəm cansağlığı, gənclərə örnək olan fədakar ömür yolunda və gələcək fəaliyyətində uğurlar arzulayıb. O vurğulayıb ki, Azərbaycanda hər zaman ağsaqqallara böyük ehtiram olub. Ulu öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi diqqət və qayğı bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirilir.
Tədbirdə yubilyara Azərbaycan Ağsaqqallar Şurasının Fəxri fərmanı, Nərimanov və Ağdam Rayon İcra hakimiyyətlərinin, Yazıçılar və Jurnalistlər birliklərinin diplomları təqdim olunub.
Bəbir Hüseynov çıxış edərək onu yubiley münasibətilə təbrik edənlərə və tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.