Xəbərlər

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun xatirəsi yad edilib

Vətənimizin, doğma yurdu Qubadlının  işğaldan azad edilməsi zamanı şəhid olanAzərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovunad günü ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasının əməkdaşları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Ziyarət zamanı Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli bildirib ki, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, rəşadətli və yenilməz Ordumuzun şücaəti, xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsi və göstərdiyi əzmkarlıq sayəsində qazandığımız möhtəşəm Zəfərnəticəsində ərazi bütövlüyümüz bərpa olunub, vətəndaşlarımızın el-oba, yurd həsrətinə son qoyulub. Torpaqlarımızın işğaldan azad olunması uğrunda, təəssüf ki, Şükür Həmidov kimi qəhrəman Vətən oğullarını şəhid verdik. Öz şücaətləri ilə hər zaman gənclərimizə örnək olacaq Şükür Həmidovun və bütün şəhidlərimizin əziz ruhları qarşısında və onları böyüdən ağsaqqal atalarımız, ağbirçək analarımız qarşısında baş əyirik. Xalqımız öz qəhrəman övladlarını heç zaman unutmayacaq, unutdurmayacaqdır.

Qeyd edək ki, 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük igidlik göstərən Şükür Həmidov Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdü. Həmçinin bu uğurlu əməliyyat zamanı göstərdiyi şücaətə görə ona vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilmişdi. Ən böyük arzusu işğal altındakı torpaqlarımızı, eləcə də doğulub boya-başa çatdığı Qubadlı rayonunu azad etmək olan Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov elə doğma rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Adı doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda əbədiləşdiriləcək Şükür Həmidov ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun atası Nəriman Həmidov Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvüdür.

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.