Noyabr ayının 23-də Azərbaycan Respublikasının Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov Azərbaycan Ağsaqqallar Şurasının qonağı olub. Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevlə yanaşı sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavini, millət vəkili, professor Eldar İbrahimov, həmçinin Şuranın Aparat rəhbəri Ramin Həsənli də iştirak edib.
Səmimi şəraitdə keçən görüş və söhbət zamanı Eldar Quliyev Lətif Qəndilova Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti barədə ətraflı məlumat verib. Şuranın şəhər və rayon təşkilatları tərəfindən ideoloji, habelə ictimai-siyasi təbliğat-təşviqat işlərinin səmərəli şəkildə təşkil edilməsindən, gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və bəşəri dəyərlərə sadiqlik, əxlaqi normalar və sağlam həyat tərzi kimi əsas həyat prinsiplərinin təbliğ olunmasından bəhs edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov, o cümlədən xalqlarımız arasındakı tarixin sınağından çıxmış dostluq və qardaşlıq münasibətlərindən söz açıb. Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvləri olan qardaş Türkiyəyə, Türkmənistana və Özbəkistana həyata keçirdikləri işgüzar və səmərəli səfərlərin əhəmiyyətindən danışıb.
Səfir Lətif Qəndilov səmimi qəbula və maraqlı görüşə görə öz təşəkkürünü ifadə edərək Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndirib. Azərbaycanla Qırğızıstanın sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən ağsaqqalları və ziyalıları təmsil edən təşkilatlar arasında daha da inkişaf etdirməyin vacibliyini vurğulayıb və əmin olduğunu bildirib ki, yaxın zamanlarda Şuranın nümayəndə heyəti Qırğızıstana da səfər edərək ölkələr arasında gündən-günə artan əməkdaşlıq əlaqələrinə yüksək töhfələr verəcəkdir.
Sonra səfir Lətif Qəndilov təşkilatın iş otaqları, yaradılan şərait və göstərilən fəaliyyətlə yaxından tanış olub, yüksək zövqlə divarları bəzəyən rəsm əsərlərinə heyranlığını ifadə edib.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycanın Qırğızıstandakı səfiri Respublika Ağsaqqallar Şurasında olub
- 23-11-2022
- [14:21]
- [ ]
23
Noy