Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasında görkəmli dövlət xadimi Həsən Həsənovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Oktyabr ayının 22-də Azərbaycan Respublikası Prezidentinin Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasında səlahiyyətli nümayəndəsi, Azərbaycan Ağsaqqallar Şurasının üzvü, görkəmli dövlət xadimi, diplomat, tarixçi-alim, müdrik ağsaqqal Həsən Həsənovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə yubilyarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədrin 1-ci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, millət vəkili Ağalar Vəliyev, Bayram Yusifov, akademik Abel Məhərrəmov, İdarə Heyətinin üzvləri – akademik, AMEA-nın prezidenti İsa Həbibbəyli, akademik Arif Həşimov, professorlar – Misir Mərdanov, Vaqif Şadlinski, Aqiyə Naxçıvanlı, İbrahim Quliyev, həmçinin Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və başqaları  iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikası Prezidentinin Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasında səlahiyyətli nümayəndəsi, Azərbaycan Ağsaqqallar Şurasının üzvü, görkəmli dövlət xadimi Həsən Həsənovu 85 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı, səmərəli ictimai-siyasi və elmi fəaliyyətində uğurlar arzulayıb. Yubilyarın fədakar ömür yolundan, çoxşaxəli fəaliyyətindən və dövlətimiz qarşısındakı dəyərli xidmətlərindən ətraflı bəhs edən natiq vurğulayıb ki, Həsən Həsənov vətənpərvər dövlət xadimi, diplomat, tarixçi-alim, ziyalı və müdrik ağsaqqal kimi Azərbaycanın müstəqillik və inkişaf mərhələlərində xüsusi rol oynamış, xalqımızın dərin hörmətini və rəğbətini qazanmış nadir şəxsiyyətlərdəndir. Gənc yaşlarından etibarən respublika səviyyəsində bir sıra məsuliyyətli vəzifələrdə çalışaraq, müstəqilliyimizin bərqərar olduğu mürəkkəb tarixi dönəmlərdə Azərbaycan Respublikasının Baş naziri, Xarici işlər naziri, BMT yanında daimi nümayəndə, Avropa ölkələrində səfir vəzifələrində ölkəmizi ləyaqətlə təmsil edib. Eldar müəllim, həmçinin, qeyd edib ki, bu gün Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərən və təşkilatda Azərbaycanı yüksək səviyyədə təmsil edən Həsən Həsənov öz ağsaqqallıq missiyasını uğurla həyata keçirir. Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı və onun ideyalarına daim sadiq olan bir şəxs kimi Həsən Həsənov hazırda Ümummilli Liderimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətini qətiyyətlə dəstəkləyir.
İclasda çıxış edən digər tədbir iştirakçıları da yubilyarla bağlı səmimi fikirlərini, xoş xatirələrini bölüşüblər. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi qətnamələrdən bəhs ediblər. Vurğulayıblar ki, Azərbaycan üçün həyati vacib olan bu qətnamələrin qəbul edilməsində Həsən Həsənovun böyük əməyi olmuşdur. Natiqlər, həmçinin, bildiriblər ki, Azərbaycanın görkəmli dövlət xadimi, nüfuzlu alimi və vətənpərvər ziyalısı olaraq Həsən Həsənov bu gün də nəcib, xeyirxah duyğularla yaşayır, yorulmadan, gənclik həvəsi ilə çalışır.
Sonra Eldar Quliyev ölkəmizin ictimai-siyasi, mədəni, eləcə də elmi həyatında dəyərli xidmətlərinə, Azərbaycanın ağsaqqallıq institutunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasında yüksək səviyyədə təmsil etdiyinə görə və 85 illik yubileyi münasibətilə təltif olunan Həsən Həsənova “Fəxri Ağsaqqal” döş nişanını və hədiyyələri təqdim edib, bir daha ona möhkəm cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Digər tədbir iştirakçıları da Vətənimizin tərəqqisinə həsr etdiyi şərəfli ömrünüzün kamillik zirvəsində olan müdrik ağsaqqal, görkəmli ictimai-siyasi xadim, alicənab və yüksək mənəviyyata malik ziyalı Həsən Həsənovu 85 illik yubileyi və “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunmağı münasibətilə ürəkdən təbrik edərək, ona daim sağlam həyat, cəmiyyətimiz üçün nümunə olan ömür yolunda və gələcək işlərinə yeni-yeni nailiyyətlər diləyiblər.
Azərbaycan Respublikası Prezidentinin Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasında səlahiyyətli nümayəndəsi, Azərbaycan Ağsaqqallar Şurasının üzvü, görkəmli dövlət xadimi, diplomat, tarixçi-alim Həsən Həsənov onun haqqında deyilən xoş sözlərə və gözəl arzulara görə hər kəsə öz təşəkkürünü bildirərək, fəaliyyətini dəyərləndirən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə və İdarə Heyətinin üzvlərinə öz dərin təşəkkürünü ifadə edib. Bundan sonra da fəaliyyət göstərdiyi hər bir sahədə Azərbaycanın daha da inkişafı naminə var qüvvəsi ilə çalışacağını vurğulayıb.
Sonda xatirə şəkli çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.