Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasında  Zəfər Gününün beşinci ildönümünə  həsr olunmuş iclas keçirilib

Zəfər Gününün beşinci ildönümü münasibətilə keçirilən iclasda qardaş Türkiyə Respublikasından qonaqlar – Ankara Universitetinin rektoru, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri, professor Necdet Ünüvar, Ankara Universitetinin professoru İsmail Balık, Ankara Universitetinin rektor yardımçısı, professor Kaan Orhan, rektorun müşaviri Ümmet Artuç, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov,  müavinlər – millət vəkili, professor Eldar İbrahimov və professor Vahid Novruzov, İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev və başqaları iştirak ediblər.
Əvvəlcə tədbirdə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev türkiyəli qonaqları və digər tədbir iştirakçılarını salamlayaraq Şuranın bütün üzvlərini və xalqımızı 8 Noyabr – Zəfər Günü, möhtəşəm Qələbəmizin 5-ci ildönümü münasibətilə təbrik edib. Bu böyük qürur və sevinc hissini bizə yaşatdığna görə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və rəşadətli Ordumuza 35 minlik Şura üzvləri adından minnətdarlığını ifadə edib. Vurğulayıb ki, nankor qonşularımızın təcavüzkar təxribatlara yenidən başlamasına cavab olaraq möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində və 1 gündən də az davam edən antiterror əməliyyatlarında  torpaqlarımızı işğaldan azad edərək Ermənistanı sülhə məcbur edib.  Suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycan bu gün həmin torpaqlarda böyük vüsətlə genişmiqyaslı quruculuq işləri həyata keçirir və  məcburi köçkünlərimiz doğma yurdlarına qayıdırlar. Orada artıq Qarabağ Universiteti kimi böyük ali təhsil müəssisəsi, 3 hava limanı və bir çox infrastukturlar geniş fəaaliyyət göstərirlər. Eldar Quliyev, həmçinin, qeyd edib ki, Azərbaycanın tarixi qələbəsini təmin edən mühüm amillərdən biri də qardaş Türkiyənin ölkəmizə qətiyyətli, birmənalı və güclü mənəvi-siyasi dəstək göstərməsi oldu.  Müharibənin başladığı gündən etibarən qardaş Türkiyə dövləti və xalqı  ölkəmizin haqlı və ədalətli mövqeyini  müdafiə etdi, Prezident cənab Rəcəb Tayyib Ərdoğan müxtəlif tribunalardan Azərbaycanın haqq işinə prinsipial dəstəyini ifadə etməklə beynəlxalq ictimaiyyətin diqqətini obyektiv gerçəkliklərə, tarixi və siyasi həqiqətlərə yönəltdi. Bu gün xalqımız və dövlətimiz qardaş dəstəyini böyük minnətdarlıq hissi ilə çox yüksək dəyərləndirir.
Ankara Universitetinin rektoru, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri, professor Necdet Ünüvar səmimi qəbula görə təşəkkür edərək, möhtəşəm Zəfərin 5-ci ildönümü ərəfəsində, Zəfər həftəsində Azərbaycanda olmağından məmnunluğunu ifadə edib. Bildirib ki, bütün Türk dünyası bu Zəfərin qürurunu yaşayır. Natiq Ümmummilli Lider Heydər Əliyevin  “Azərbaycan və Türkiyə – bir millət, iki dövlət” və böyük şəxsiyyət Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarının real həyatda bir daha öz təsdiqini tapdığını qeyd edib. Hər zaman olduğu kimi bu gün də dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Əlavə edib ki, Azərbaycan və Türkiyə prezidentləri cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri, qardaşlığı bütün sahələrdə əməkdaşlığa, görülən işlərə öz töhfəsini verməkdədir. Necdet Ünüvar nitqinin sonunda qardaş Azərbaycan ilə hər bir sahədə daim əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov,  müavinlər – millət vəkili, professor Eldar İbrahimov və professor Vahid Novruzov, İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski tariximizin ən şərəfli, ən əziz bayramı olan Zəfər Günü münasibətilə Azərbaycan xalqına öz təbriklərini çatdırıblar. Vurğulayıblar ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və qəhrəman Ordumuz 30 ildən çox davam edən Vətən həsrətinə son qoyaraq xaqımıza bütöv və suveren Azərbaycanı bağışladı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbə əbədi olacaqdır. Natiqlər, həmçinin, vuğulayıblar ki, Türkiyə Vətən müharibəsi dövründə Azərbaycan dövlətinə və xalqına qardaş köməyini əsirgəmədi. Türkiyə bu gün də  ölkəmizə qətiyyətli dəstək göstərir, həm sülhyaratma prosesində, həm də işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işlərində fəal iştirak edir.
Tədbirdə çıxış edən Ankara Universitetinin professoru İsmail Balık və Ankara Universitetinin rektor yardımçısı, professor Kaan Orhan da Zəfər Günü ərəfəsində ölkəmizdə olmalarından qürur duyduqlarını bildiriblər. Vurğulayıblar ki, biz hər zaman hər bir işdə qardaş Azərbaycanın yanındayıq.
Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə və Azərbaycan Ağsaqqallar Şurası ilə səmərəli əməkdaşlığına görə təltif olunan Ankara Universitetinin rektoru, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri, professor Necdet Ünüvara “Fəxri Ağsaqqal” döş nişanını təqdim edib və ona  gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.