Xəbərlər

AZƏRBAYCAN AĞSAQQALLAR ŞURASINDAN PREZİDENTƏ TƏBRIK

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-yə uğurlu səfəri, mühüm beynəlxalq görüşləri və əldə etdiyi tarixi nailiyyətlər münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın çoxsaylı üzvləri adından dövlət başçısına təbrik ünvanlayıb. Təbrikdə deyilir:

Möhtərəm cənab Prezident!

Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından Sizə dərin ehtiramımızı bildirir, ABŞ-yə tarixi əhəmiyyətə malik səfəriniz və orada əldə etdiyiniz möhtəşəm nailiyyətlər münasibətilə Sizi – dünya nüfuzlu uzaqgörən, qətiyyətli, müdrik Prezidentimizi, ölkəmizə daim zəfərlər bəxş edən qalib Liderimizi və Sizin hər zaman ən böyük tərəfdaşınız, xalqımıza, dövlətimizə dəyərli xidmətlər göstərən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ürəkdən təbrik edirik!

ABŞ-yə həyata keçirdiyiniz səfər ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi, milli maraqlarımızın qətiyyətlə müdafiəsi və yeni strateji tərəfdaşlıqların qurulması baxımından əlamətdar hadisə kimi tarixə düşmüşdür. Bu səfər bir daha sübut etdi ki, Azərbaycan dövlətinin xarici siyasət kursu Sizin müdrik rəhbərliyiniz altında milli maraqlara tam uyğun şəkildə, qətiyyət və uzaqgörənliklə həyata keçirilir. ABŞ Prezidenti Donald Tramp ilə imzaladığınız “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” iki ölkə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldərək, enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə və təhlükəsizlik kimi mühüm sahələrdə əməkdaşlıq üçün yeni üfüqlər açır. ABŞ Prezidenti tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə imzalanmış sərəncam isə uzun illər davam edən tarixi ədalətsizliyin aradan qaldırılması və iki dövlət arasında qarşılıqlı etimadın möhkəmlənməsi baxımından xüsusi rəmzi məna daşıyır.

Səfəriniz həm də Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində tarixi dönüş nöqtəsi olmuşdur. Vaşinqton Sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp ilə birlikdə imzaladığınız Birgə Bəyannamə Sizin illərdir irəli sürdüyünüz sülh gündəliyinin beynəlxalq miqyasda dəstəkləndiyini təsdiq etmişdir. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, regionda nəqliyyat kommunikasiyalarının açılması, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz bağlantının təmin edilməsi və Ermənistan ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun həyata keçirilməsi kimi maddələr bölgədə davamlı sülhün və iqtisadi inkişafın təmin olunması üçün mühüm zəmin yaratmışdır.

ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə birgə müraciətin imzalanması isə uzun illər regionda süni şəkildə saxlanılan ədalətsiz və əsassız formatın ləğvi deməkdir. Bu addım 2020-ci ildən sonra formalaşmış yeni reallıqların beynəlxalq müstəvidə qəbulunun parlaq göstəricisidir.

Səfər çərçivəsində SOCAR ilə ExxonMobil korporasiyası arasında imzalanmış “Əməkdaşlıq haqqında Memorandum” ölkəmizin enerji sektorunda mövcud imkanların genişləndirilməsi, qeyri-ənənəvi və ənənəvi enerji resurslarının səmərəli istifadəsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Möhtərəm cənab Prezident!

Sizin qətiyyətli siyasətiniz, uzaqgörən liderliyiniz və sarsılmaz iradəniz nəticəsində həm ABŞ-la strateji tərəfdaşlıq münasibətlərimiz yeni mərhələyə yüksəlmiş, həm də Ermənistanla sülh prosesində əhəmiyyətli irəliləyişlər əldə olunmuşdur. Milli maraqlar uğrunda apardığınız yorulmaz mübarizə sayəsində Azərbaycan həm beynəlxalq aləmdə söz sahibi olan qüdrətli dövlətə çevrilmiş, həm də regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsas təminatçısı rolunu möhkəmləndirmişdir. Bu böyük uğurlar bütün Azərbaycan xalqı kimi biz ağsaqqallar üçün də sonsuz fəxr və qürur mənbəyidir. ABŞ-yə uğurlu səfəriniz, mühüm beynəlxalq görüşləriniz və əldə etdiyi tarixi nailiyyətlər münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, şərəfli dövlətçilik yolunda Azərbaycanımızın daha da güclənməsi və xalqımızın rifahı naminə gördüyünüz bütün işlərdə tükənməz enerji və yeni-yeni qələbələr arzulayırıq!

Uca Allah Sizi və qüdrətli Azərbaycanımızı qorusun!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının

çoxsaylı üzvləri adından Şuranın sədri,

millət vəkili, professor Eldar Quliyev

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.