Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev 2025-ci il oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda iştirak edib.
Forumda əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin, Konstitusiya quruluşunun qorunması naminə həyatlarını qurban verən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Xalq artisti Fəxrəddin Manafovun ifasında “Şəhidə məktub” videoçarxı nümayiş olunub.
Rəsmi açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin Konstitusiya quruculuğuna dair fikirlərindən ibarət xüsusi videoçarx da təqdim edilib.
Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, 2023-cü ildən başlayaraq, hər il Azərbaycan QHT-lərinin illik toplantısı keçirilir, ötən dövrün, cari vəziyyətin və gözləntilərin dəyərləndirilməsi üçün bu platforma mühüm əhəmiyyət kəsb edib. İcraçı direktor QHT-ləri prosesə yaxından cəlb etməklə, 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını Agentliyin 97% göstərici ilə tamamladığını, bu nəticənin qurumun tarixində ilk dəfə əldə olunduğunu bildirib. Məlumat verilib ki, 2025-ci ilin noyabrında Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu keçiriləcək: “Bundan başqa, Azərbaycan-Qazaxıstan QHT-lərinin ilk forumuna hazırlıq prosesi də davam edir. Qarşıdakı dövrdə Azərbaycan-Çin QHT-lərinin də əməkdaşlıq platformasının qurulması hədəflənir”.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov öz çıxışında qeyd edib ki, hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının ərazisində 22 mindən çox şəxs məskunlaşıb. O, QHT-ləri azad edilmiş ərazilərin reinteqrasiyasında, bərpa və sosial adaptasiya proseslərində fəal iştirak etməyə çağırıb: “Əminəm ki, bu cür görüşlər dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığı daha da dərinləşdirəcək, Azərbaycan Respublikasının Konstitusiyanın ruhuna uyğun birgə fəaliyyətin möhkəmlənməsinə, həmçinin Azərbaycan həqiqətlərinin və dəyərlərinin beynəlxalq miqyasda daha geniş tanıdılmasına xidmət edəcək”.
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev artıq Azərbaycanda dövlət-QHT münasibətlərinin “yardım modeli” çərçivəsindən çıxaraq, qarşılıqlı məsuliyyət, etimad, şəffaflıq modeli üzərində qurulduğunu diqqətə çatdırıb: “Bu, yeni mərhələyə yüksəlmədir. Məqsəd yalnız müxtəlif layihələr maliyyələşdirmək deyil, onun təsirini, özü də sistemli təsirini ölçə bilmək, layihələri mütərəqqi ictimai dəyərə çevirməyə nail olmaqdır. Bu gün Azərbaycan QHT sektorunda böyük bir canlanma, yüksək əhval-ruhiyyə, işgüzarlıq mühiti, proaktiv fəaliyyət müşahidə edilir. Artıq tədbir naminə tədbirlər deyil, hədəf auditoriyaya yönəlik işlər, ölçüləbilən nəticələr önə çıxır, hesabatlılıq artır”.
Forumda digər natiqlərin çıxışından sonra tədbirin aparıcısı, tanınmış diktor Dilarə Səlim Azərbaycan QHT təmsilçilərinin “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş fikirlərindən ibarət videoçarxı təqdim edib.
Sonra Forum öz işini “Türkman irsi: tarixi köklərə sədaqət”, “WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar”, “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası, “Rəqəmsal QHT” konsepsiyası: süni intellekt və rəqəmsal həllər” mövzularında panel müzakirələri ilə davam etdirib.
Oktyabrın 20-də Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçılarının Prezident cənab İlham Əliyevə müraciəti qəbul edilib.








