Xəbərlər

AZƏRBAYCAN AĞSAQQALLAR ŞURASININ DÖVLƏT SUVERENLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİKİ

Əziz həmvətənlər!

Sizi 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, əbədi qürur duyacağımız dövlətçiliyimiz naminə dəyərli fəaliyyətinizdə uğurlar arzulayırıq!

Bu əlamətdar gün Azərbaycanın müasir tarixində müstəsna əhəmiyyət daşıyan, milli qürurumuzu, dövlətçilik iradəmizi və siyasi mövqeyimizi bütün dünyaya nümayiş etdirən şanlı bir mərhələnin rəmzidir. Bu gün artıq böyük iftixarla deyə bilərik ki, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və konstitusiya quruluşunu bütün ölkə ərazisində tam təmin etmiş bir dövlətdir. 2020-ci ilin 27 sentyabrında Ermənistanın növbəti hərbi təcavüzünə qarşı başlanan 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan böyük Zəfərlə başa çatdı. Ardınca, 2023-cü ilin 19–20 sentyabr tarixlərində keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu özünün yüksək peşəkarlığını bir daha nümayiş etdirərək suverenliyimizi tam bərpa etdi. Artıq Azərbaycan bayrağı dövlət sərhədlərimizin hər nöqtəsində, işğaldan azad edilmiş bütün ərazilərimizdə əzəmətlə dalğalanır, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi hər qarış torpağımızda bərqərar olunub. Bu əlamətdar gündə bir daha Vətənimizin azadlığı və suverenliyimizin bərpası uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə uca Allahdan cansağlığı diləyirik.

Bu möhtəşəm qələbələrin təminatçısı, Azərbaycanın siyasi və hərbi uğurlarının memarı, xalqımızın sarsılmaz dəstəyini qazanan müdrik və qətiyyətli Lider – Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmuşdur. Məhz onun rəhbərliyi ilə illərlə davam edən işğala son qoyulmuş, tarixi ədalət bərpa edilmiş, ölkəmiz regionda yeni reallıqları formalaşdıran qüdrətli bir dövlətə çevrilmişdir. Bu baxımdan cənab Prezidentin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Dövlət Suverenliyi Gününün təsis edilməsi tarixi hadisə olmaqla yanaşı, dövlətçilik salnaməmizin önəmli bir səhifəsi, gələcək nəsillər üçün əbədi yaddaş və qürur mənbəyidir. Bu gün bizim üçün yalnız bayram deyil – həm də milli iradənin, əzmin, Ordumuzun gücünün və xalq-iqtidar birliyinin təntənəsidir.

Qürurverici haldır ki, 2025-ci il – həm Konstitusiyamızın qəbul edilməsinin 30 illiyi, həm də Vətən müharibəsində möhtəşəm Qələbəmizin 5 illiyi dövrünə təsadüf edir. Bu mühüm tarixləri nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi dövlətçilik tariximizin məntiqi davamı və siyasi suverenliyimizin növbəti mərhələsi kimi dəyərləndirilməlidir.

Hörmətli soydaşlar!

Azərbaycan xalqı tarixən öz suverenliyi, müstəqilliyi və torpaqlarının bütövlüyü uğrunda mübarizə aparıb. Müstəqilliyimizin ilk illərində üzləşdiyimiz sınaqlar, düşmənin törətdiyi faciələr, o cümlədən Xocalı soyqırımı, işğal və etnik təmizləmələr xalqımızın iradəsini qıra bilmədi. Bu gün Azərbaycan dövləti məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli rəhbərliyinin bəhrəsi olaraq regionun aparıcı, qalib, suveren və modern dövlətinə çevrilib. Azərbaycan Ağsaqqallar Şurası olaraq biz də hər zaman dövlətimizin, xalqımızın yanındayıq. Gənc nəsillərə milli dəyərlərimizi, dövlətə sədaqəti, tarixə hörməti aşılamaq bizim mənəvi borcumuzdur.

Qoy Dövlət Suverenliyi Günümüz xalqımıza daim qürur, dövlətimizə ucalıq, Vətənimizə əmin-amanlıq gətirsin!

Yaşasın müstəqil, suveren, qalib Azərbaycan və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev!

Eşq olsun qəhrəman Ordumuza!

 

Hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının

çoxsaylı üzvləri adından

Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.