İyun ayının 5-də Azərbaycan Ağsaqqallar Şurasının Füzuli və Beyləqan rayon təşkilatlarında hesabat konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Ağsaqqallar Şurasının məsul işçisi Elşad Quliyev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər, eləcə də idarə və təşkilatların, o cümlədən hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfranslarda Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən qəhrəman şəhidlərimizin və ötən dövr ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hər iki rayonun icra hakimiyyətinin başçıları Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və tədbir iştirakçılarını salamlayaraq, ağsaqqalların Füzuli və Beyləqan rayonlarının ictimai-siyasi və mədəni həyatındakı akitiv fəaliyyətindən bəhs ediblər. Vurğulayıblar ki, milli və mənəvi dəyərlərimizin qorunması, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində əhəmiyyətli işlər görən ağsaqqallar hər zaman dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət edirlər. Mütəmadi olaraq vətəndaşlarla, xüsusilə gənclərlə, şəhid ailələrinin üzvləri və qazilərlə görüşlər, tədbirlər keçirərək öz maarifləndirici ağsaqqallıq missyalarını layiqincə yerinə yetirirlər.
Sonra Füzuli Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev və Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov görülən işlərlə bağlı hesabat məruzələri ilə çıxış ediblər. Yerli təşkilatların fəaliyyətləri haqqında ətraflı məlumat verən natiqlər bildiriblər ki, ötən dövr ərzində Şura üzvləri rayonlarda baş tutan toplantılarda, o cümlədən “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlərdə, şəhidlərimizə həsr edilmiş anım mərasimlərində, qazilərlə görüşlərdə yaxından iştirak etmiş, onlara mənəvi dəstək olmuş, gənclərlə mütəmadi olaraq maarifləndirici işlər aparmışlar. Rayon sədrləri çıxışlarının sonunda ağsaqqalların bundan sonra da ölkəmizin ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rol oynayacaqlarını bildiriblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından salamlayaraq, hər kəsi Qurban bayramı və qarşıdan gələn Qurtuluş Günü münasibətilə təbrik edib, Füzuli və Beyləqan rayonlarının dəyərli ağsaqqalları, zəhmətkeş əhalisi ilə növbəti dəfə görüşməkdən məmnun olduğunu bildirib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin davamlı inkişafı prosesindən, durmadan artan beynəlxalq nüfuzundan söz açan natiq Vətənimizin regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyini, yüksək hədəflərə doğru inamla irəliləyərək bütün sahələrdə böyük uğurlara imza atdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Hər iki rayonun fəaliyyətini yüksək dəyərləndirən Vahid Novruzov təşkilat üzvlərinə görülən işlərə görə öz minnətdarlığını ifadə edib. Həmçinin, vacib məqamlara da diqqət çəkərək ağsaqqallar üçün önəmli olan məsələlərin üzərində dayanıb. Vurğulayıb ki, gənc nəslin milli ruhda böyüməsinə hər zaman yüksək diqqət ayıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin öz çıxış və tövsiyələrində bildirdiyi kimi, ölkəmizdə həm bilikli, savadlı, həm də Vətənə bağlı gənc nəsil yetişdirilməli və onlar xarici təsirə boyun əyməməli, qürurlu olmalıdırlar. Gənclərlə aparılan bu maarifləndirmə işlərində ağsaqqalların rolu danılmazdır və biz hamımız gələcəyimiz üçün çox önəmli olan bu prosesdə yaxından iştirak etməliyik. Unutmayaq ki, Azərbaycan 44 günlük Vətən müharibəsində öz qəhrəmanlıqları ilə dünyaya səs salan vətənpərvər, igid gənclər yetişdirən ölkədir. Çıxışının sonunda Vahid Novruzov rayon təşkilatlarının bundan sonra da öz vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib və ağsaqqalların hər birinə möhkəm cansağlığı, uzun ömür arzulayıb.
Konfransda çıxış edən şəhid valideynləri və digər natiqlər də görülən işləri təqdirəlayiq hesab ediblər. Hər zaman öz fəaliyyətləri ilə xalqın Prezidentinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yanında olduqlarını və onun həm xarici, həm də daxili siyasətini müdafiə etdiklərini vurğulayıblar. Bildiriblər ki, hər iki rayonun ağsaqqalları bundan sonra da aktiv fəaliyyətləri ilə Azərbaycan dövlətinin və cəmiyyətinin ikişafına xidmət göstərəcəklər.
Azərbaycan Ağsaqqallar Şurasının Füzuli və Beyləqan rayon təşkilatlarında hesabat konfransları keçirilib
- 06-06-2025
- [12:54]
- []
06
İyn















