Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Göyçay və Ağdaş rayon təşkilatlarının seçki konfransları keçirilib

İyul ayının 3-də Azərbaycan Ağsaqqallar Şurasının Göyçay və Ağdaş rayon təşkilatlarının seçki konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin İntizam komissiyasının sədri, professor Eldar İbrahimov, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatları Sabir Hacıyev,  Məzahir Əfəndiyev və Sahib Alıyev, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və mətbuat katibi Rafiq Rzayev, eləcə də rayon ağsaqqalları və ziyalıları, şəhid valideynləri, qazilər, gənclər və digər ictimaiyyət nümayəndələri  iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfranslarda Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən rayonların icra hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin İntizam komissiyasının sədri, professor Eldar İbrahimovu və digər tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı dəyərli xidmətlərindən, eləcə də yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından söz açıblar. Qeyd ediblər ki, rayonun nüfuzlu ziyalıları, müdrik ağsaqqalları həmişə dövlətə və dövlətçiliyə sədaqət nümayiş etdiriblər, ölkəmizin inkişafı və daha da güclənməsi naminə bilik və bacarıqlarını əsirgəməyiblər. Göyçay və Ağdaş rayonlarının ağsaqqallarının fəaliyyətini yüksək dəyərləndirən natiqlər konfransların işinə uğurlar arzulayıblar.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin İntizam komissiyasının sədri, professor Eldar İbrahimov öz nitqində tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. Bildirib ki, bu gün dinamik inkişaf prosesi keçən ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır və bu, şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin işıqlı yolunu yüksək səviyyədə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin düzgün müəyyənləşdirilməsi ilə bağlıdır. “Bu baxımdan hazırda ölkəmizdə üçüncü dəfədir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammitinin təşkil edilməsi və bu tədbirin Qarabağda, Xankəndidə keçirilməsi böyük əhəmiyyət kəsb edir. Sammit ərəfəsində qardaş Özbəkistan, Qırğızıstan, Türkiyə, Pakistan və təşkilata üzv olan digər dövlət rəhbərlərinin ölkəmizə səfəri və Qarabağda sülh şəraitində aparılan yenidənqurma işləri ilə yaxından tanış olmaları qürurvericidir və bu bir daha bütün dünyaya Azərbaycanın davamlı tərəqqisini nümayiş etdirir,”- deyə Eldar İbrahimov vurğulayıb. Təəssüf hissi ilə əlavə edib ki, Azərbaycanın bu uğurlarını həzm edə bilməyən bəzi qüvvələr və ölkələr bizə qarşı məkrli planlar həyata keçirməyə çalışırlar. Bu səbəbdən hər bir vətəndaşımız kimi, biz ağsaqqallar da dövlət başçısının ətrafında daha sıx birləşməli, bu anti-Azərbaycan qüvvələrə qarşı birgə mübarizə aparmalıyıq. Natiq, həmçinin, öz çıxışında ağsaqqalların əsas missiyasının milli-mənəvi dəyərlərimizi qoruyaraq, yaşadaraq gələcək nəslə ötürmək olduğunu bildirib və cəmiyyətimizdəki problemlərə, xüsusilə də boşanmaların sayının artmasına, erkən və qohum nikahlarına, narkomaniyaya və digər zərərli vərdişlərə qarşı aktiv fəalliyyət göstərməyin vacibliyini vurğulayıb.
Konfranslarda çıxış edən Milli Məclisin deputatları Sabir Hacıyev,  Məzahir Əfəndiyev, Sahib Alıyev və başqaları Ulu Öndər Heydər Əliyev tərəfindən “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırılan ağsaqqalların ölkəmizdəki nüfuzundan, ağsaqqal sözünün, nəsihətinin əhəmiyyətindən ətraflı söz açıblar. Azərbaycan Ağsaqqllar Şursının və onun yerli təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirərək, dövlətimizin müstəqillik tarixində ağsaqqalların Ümummilli Liderimiz Heydər Əliyevin siyasətinə daim sadiq olduqlarını və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi böyük missiyaya hər zaman dəstək verdiklərini, gənclərin milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi üçün aktiv fəaliyyət göstərdiklərini vurğulayıblar.
Sonra konfranslarda gündəlikdə olan məsələlər müzakirəyə çıxarılıb. Qeyd olunub ki, gündəlikdəki əsas məsələ səhhətlərindəki problemlərlə əlaqədər öz vəzifələrini davam etdirə bilməyən və bu barədə təşkilata müraciət edən Göyçay Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucovun və Ağdaş Rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyevin yerinə yeni sədrlərin, həmçinin İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin seçilməsidir.
Konfranslarda çıxış edənlər tərəfindən Göyçay Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə Nazir Əhmədovun, Ağdaş Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə isə Qalib Həsənovun namizədliyi irəli sürülüb. Vurğulanıb ki, hər iki ağsaqqal dövlətimiz qarşısında dəyərli xidmətləri, eləcə də rayonda yüksək nüfuzu, böyük hörməti olan şəxslərdir və bu vəzifələrə ən layiqli namizədlər hesab edilirlər. Sonra açıq səsvermə yolu ilə Nazir Əhmədov Göyçay Rayon Ağsaqqallar Şurasına, Qalib Həsənov isə Ağdaş Rayon Ağsaqqallar Şurasına sədr seçilib.  Daha sonra yeni sədrlərin təqdimatı ilə hər iki Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə və Təftiş Komissiyasına sıralarında rayonun nüfuzlu ağsaqqallarının, ziyalılarının, eləcə şəhid valideynlərinin, ictimai aktiv qadınların, din xadimlərinin olduğu şəxslərin namizədliyi irəli sürülüb. Açıq səsvermə yolu ilə Göyçay və Ağdaş  rayonlarının Ağsaqqallar Şuralarının yeni İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin İntizam komissiyasının sədri, professor Eldar İbrahimov və digər iştirakçılar hər iki təşkilatın yeni seşilmiş sədrlərini,  İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara məsuliyyətli və şərəfli vəzifələrində uğurlar arzulayıblar. Əmin olduqlarını bildiriblər ki, ağsaqqallar bundan sonra da rayonların ictimai-siyasi və mədəni həyatında aktiv iştirak edəcək, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə, eləcə də gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsinə böyük töhfələr verəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.