Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinskinin iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Suveren tariximizin müstəqillik yolu” adlı tədbir keçirilib.
Tədbir iştiakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetdə ucaldılan büstü önünə əklil qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.
Universitetin professor-müəllim heyətinin, tələbələrin və qonaqların iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov xalqımızın azadlıq və suverenlik iradəsinin simvolu olan 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün Azərbaycan xalqının tarixində ən qürurlu və yaddaqalan səhifələrdən biri olduğunu qeyd edərək müstəqilliyin tarixi və mənəvi əhəmiyyətindən danışıb. Dövlət müstəqilliyimizin sarsılmaz kökləri olduğunu qeyd edən rektor Rüfət Əzizov Azərbaycanın bugünkü inkişaf yolunun Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla davam etdirilməsinin nəticəsi olduğunu vurğulayıb. Bu gün müstəqilliyimizin qorunması və möhkəmləndirilməsində hər bir vətəndaşın, xüsusilə də gənc nəslin böyük məsuliyyət daşıdığını deyən rektor Rüfət Əzizov ADNSU-da gənclərin milli ruhda, elmi biliklərə və müasir dünyagörüşünə malik mütəxəssislər kimi yetişməsinə böyük önəm verildiyini bildirib və hər kəsi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinski öz çıxışında hər kəsi dövlətçilik tariximizdə mühüm yer tutan, xalqımızın milli iradəsinin, azadlıq istəyinin və yenilməz ruhunun təntənəsi olan 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə səmimi-qəlbdən təbrik edib. Vurğulayıb ki, 1991-ci ilin bu şərəfli günü xalqımız öz müqəddəratını müəyyən etmək hüququndan istifadə edərək, uzun və çətin bir tarixi yolun sonunda böyük əzmkarlıq və qətiyyətlə dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyin hər bir xalqın ən ali neməti olduğunu vurğulayan natiq fəxrlə qeyd edib ki, müstəqilliyimizin bərpasından ötən dövr ərzində Azərbaycan Respublikası güclü, müasir və nüfuzlu bir dövlətə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli liderliyi və xalqımızın sarsılmaz iradəsi sayəsində müstəqil dövlətimiz dərin sınaqlardan üzüağ çıxaraq bugünkü inkişaf zirvəsinə çatmışdır. Azərbaycan artıq bölgədə və beynəlxalq aləmdə söz sahibi olan, milli maraqlarını açıq şəkildə müdafiə edən, regional təşəbbüslərə liderlik edən qüdrətli dövlətdir. Vaqif Şadlinski xüsusi olaraq vurğulayib ki, müstəqilliyimizin bərpası tarixində müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun, qəhrəman şəhidlərimizin və qazilərimizin müstəsna rolu vardır. 2020-ci ildə əldə etdiyimiz tarixi Zəfər müstəqilliyimizin real və dönməz xarakter aldığının ən parlaq sübutudur. Əminik ki, bugünkü gənclərimiz müstəqilliyimizin, suverenliyimizin keşiyində daim ayıq-sayıq dayanacaqlar.
Daha sonra çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov və digər natiqlər Azərbaycanın müstəqillik yolunda keçdiyi tarixi mərhələlərin, həmçinin 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsinin əhəmiyyətini vurğulayıblar. Çıxışlarda, həmçinin, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizədən, eləcə də ölkə başçısı cənab İlham Əliyevin bu sahədəki uğurlu siyasətindən danışılıb.
Tədbirdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində fəallığı ilə seçilən ADNSU-nun bir qrup tələbəsinə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən “Təşəkkürnamə”lər təqdim olunub.
Sonda ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının təqdimatında “Sarı gəlin” rəqsi nümayiş olunub.


