Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor İbrahim Quliyev Astara Pedaqoji Kollecində məruzə ilə çıxış edib

Astara Pedaqoji Kollecində Azərbaycan Ağsaqqallar Şurasının və tədris müəssisəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Hüquqi, tarixi, müasir perspektivlər” adlı elmi seminar keçirilib.

Seminarda Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Əməkdar müəllim, hüquq elmləri doktoru, professor, I Qarabağ müharibəsinin iştirakçısı İbrahim Quliyev, Astara Pedaqoji Kollecinin direktoru, fil.e.d. Kamran Kazımov, Astara Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının Astara rayon təşkilatının sədri Rafiq Əliyev, AMEA Lənkəran bölməsinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, kollecin müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə öncə Dövlət Himni səsləndirilib və müstəqil respublikamızın ilk Konstitusiyasının banisi və müəllifi Ümummilli Lider Heydər Əliyevin və suverenliyimizin tam bərpa olunmasında canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən kollecin direktoru, fil.e.d. Kamran Kazımov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu ilin “Konstitusiya və Suverenlik İli” olaraq seçilməsi heç də təsadüfi deyildir. Belə ki, məhz 2025-ci il Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu, eyni zamanda Vətən müharibəsində qazanılmış böyük Zəfərin 5-ci ildönümüdür. Bu Sərəncam dövlətçilik ənənələrinin gücləndirilməsi, hüquqi dövlət quruculuğunun təkmilləşdirilməsi, Azərbaycan Respublikasının müasir dövlətçiliyinin əsasını təşkil edən Konstitusiya dəyərlərinin qorunması, inkişaf etdirilməsi, təbliği, suverenliyin qorunması və möhkəmləndirilməsi istiqamətində atılan əhəmiyyətli addımlardan biridir.

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Əməkdar müəllim, hüquq elmləri doktoru, professor, I Qarabağ müharibəsinin iştirakçısı İbrahim Quliyev tədbir iştırakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq ona doğma olan Astara rayonunda dəyərli ziyalılarla, müəllim heyəti və tələbələrlə görüşdən məmnun olduğunu bildirib. Tədbirin aktual bir mövzuya həsr olunduğunu vurğulayan natiq məruzəsində qeyd edib ki,  öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək hər bir xalq üçün ən böyük nailiyyətdir. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyunca çətin sınaqlardan keçmiş, işğallar, müharibələr xalqımızın milli iradəsini sınamışdır. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqının müstəqillik, azadlıq və dövlətçilik arzusu heç vaxt sarsılmamış, daim yeni güc və enerji ilə nəsildən-nəsilə ötürülmüşdür. Müstəqillik və suverenlik yalnız hüquqi və siyasi kateqoriyalar deyil, həm də xalqın milli kimliyini, onun mədəni və tarixi varlığını təsdiqləyən dəyərlərdir. Azərbaycanın suveren dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilmişdir. Azərbaycanın qazandığı möhtəşəm Zəfərdən bəhs edən İbrahim Quliyev bildirib ki, Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin igid əsgər və zabitləri müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıqlar göstərdilər. 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu.

Sonda Kollecin direktoru, fil.e.d. Kamran Kazımov geniş və dərin məzmunlu məruzəsinə görə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor İbrahim Quliyevə təşəkkür edib və 2025-ci il – “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən növbəti tədbirin tələbələrin maarifləndirilməsi sahəsində əhəmiyyətini vurğulayıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.