Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Əməkdar müəllim, hüquq elmləri doktoru, professor İbrahim Quliyev Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU), Gəncə Dövlət Universitetində (GDU) və Gəncə Tibb Kollecində “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlərdə çıxış edib.
Tədbirlərdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün bərpası və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təhsil müəssisələrinin müəllim-tələbə heyətinin qatıldığı bu tədbirlərdə çıxış edən İbrahim Quliyev Azərbaycan Konstitusiyasının qəbul edilməsindən, ölkədə idarəetmə formasından, ölkəmizdə suverenliyin bərpasından, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad edilməsindən danışıb. Natiq 12 noyabr – Konstitusiya Günü münasibətilə Azərbaycan xalqına təbrikində Ümummilli Lider Heydər Əliyevin fikirlərini xatırladıb: “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”. Professor vurğulayıb ki, Azərbaycan Konstitusiyası bir sıra təməl başlanğıcları özündə ehtiva edir: dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması; insan şəxsiyyətinə və ləyaqətinə hörmət; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; sosial ədalətə nail olmaq; ümumbəşəri dəyərlərə sadiqlik və digərləri.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Əməkdar müəllim, hüquq elmləri doktoru, professor İbrahim Quliyev öz çıxışlarında 44 günlük müharibə zamanı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qəhrəmanlığı və şəhidlərimizin qanı bahasına 30 il işğal altında olan torpaqlarımızın azad olunmasını ölkəmizin müstəqillik səlnaməsinə qızıl hərflərlə yazıldığı bildirib. Natiq artıq Azərbaycanın müstəqil və suveren dövlət olduğunu vurğulayaq hazırda bütün ölkə ərazisində Konstitusiyanmızın və qanunlarımızın tam bərpa olunduğunu qeyd edib.
Tədbirlərdə, həmçinin, Gəncə Tibb Kollecinin direktoru, Əməkar həkim Mehman Rzayev, ADAU İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov və müəllimi Əbdürrəhman Kazımov, GDU rektorunun baş müşaviri, dosent Asif Cavadov çıxış edərək qeyd ediblər ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət daşıyır. 1995-ci il noyabrın 12-də qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirərək hüquqi demokratik dövlət quruculuğunun əsasını qoyub. Bununla da hüquqi və dünyəvi dövlətin əsasları formalaşdırılıb. Natiqlər tələbə gənclərdə ölkəmizin çoxəsrlik tarixi, mədəniyyəti, tarixi hadisələri, dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yolu barədə biliklərinin artmasında bu kimi tədbirlərin əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıblar.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.






