Azərbaycan Ağsaqqallar Şurasının İsmayıllı və Ağsu rayon təşkilatlarında hesabat konfransları keçiriMay ayının 13-də Azərbaycan Ağsaqqallar Şurasının İsmayıllı və Ağsu rayon təşkilatlarında hesabat konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, millət vəkilləri Novruzəli Aslanov və Elçin Mirzəbəyli, Şuranın Aparat rəhbəri Ramin Həsənli, eləcə də idarə, müəssisə rəhbərləri, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
İsmayıllı və Ağsu rayonlarında keçirilən konfranslarda tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbir iştirakçılarını salamlayan hər iki rayonun icra hakimiyyətinin başçısı bildirib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurasının üzvləri cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirirlər. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran respublika ağsaqqalları, eləcə də İsmayıllı və Ağsu rayonlarının ağsaqqalları Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər.
Sonra İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov və Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərovun təşkilatların fəaliyyətləri ilə bağlı hesabat məruzələri dinlənilib. Məruzələrdə yerli təşkilatların hesabat dövrü ərzində həyata keçirdikləri, iştirak etdikləri bir sıra əhəmiyyətli tədbirlərdən, görülən işlərdən bəhs olunub, şəhid ailələri və qazilərlə mütəmadi görüşlərin keçirildiyi, həmçinin gənclərlə davamlı olaraq maarifləndirici işlərin aparıldığı qeyd edilib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov öz çıxışında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdıraraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasından bəhs edib. Cəmiyyətimizə, xüsusilə də gənc nəslə milli-mənəvi dəyərlərin, Vətənə, xalqa, dövlətə hörmət ruhunun aşılanmasında ağsaqqalların rolundan söz açıb. Bildirib ki, millət vəkili, professor Eldar Quliyevin sədrliyi ilə Azərbaycan Ağsaqqallar Şurasında bir çox əhəmiyyətli işlər həyata keçirilir, təşkilat ölkəmizdəki ictimai-siyasi proseslərdə yaxından iştirak etməklə hər zaman xalqımızın milli mənafeyinə xidmət göstərir. Natiq, həmçinin mövcud problemlərə də toxunaraq boşanmaların sayının artmasından, erkən nikahlardan və narkomaniya aludəçiliyindən bəhs edib. Bildirib ki, bu cür halların qarşısını almaq üçün ağsaqqallar daha aktiv fəaliyyət göstərməlidirlər. Eldar İbrahimov yerli təşkilatlarının üzvlərinin sayının artırılmasının və rayonlarda nüfuzlu, ictimai fəal qadınların da üzvlüyə qəbul edilməsinin zəruriliyini xüsusi vurğulayıb. Çıxışının sonunda hər iki rayon təşkilatının hesabatını qənaətbəxş hesab edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfranslarda çıxış edən millət vəkilləri Novruzəli Aslanov, Elçin Mirzəbəyli və digər natiqlər də rayon ağsaqqallarının gördükləri səmərəli işlərdən söz açaraq, gənclərin zərərli təsirlərdən uzaq sağlam əsaslar üzərində, dövlətə, xalqa sədaqət ruhunda tərbiyəsi məsələsində onlara hər zaman böyük ehtiyacın olduğunu vurğulayıblar. Əmin olduqlarını bildiriblər ki, bundan sonra da ağsaqqallar Azərbaycanın inkişafı naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.
Azərbaycan Ağsaqqallar Şurasının İsmayıllı və Ağsu rayon təşkilatlarında hesabat konfransları keçirilib
- 14-05-2025
- [16:52]
- []
14
May
































