Hörmətli media nümayəndələri!
Sizi – hər zaman xalqımızın sözünə, həqiqətə və ictimai məsuliyyətə sadiq olan dəyərli mətbuat işçilərini Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, şərəfli və fədakar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!
Azərbaycan mətbuatının əsası 1875-ci ildə böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulmuşdur. “Əkinçi” sadəcə bir qəzet deyil, milli oyanışın, maarifçiliyin, milli kimliyin formalaşmasında müstəsna rol oynamış bir ideya mənbəyi idi. Həsən bəy Zərdabinin başladığı bu müqəddəs yol sonrakı illərdə də xalqımızın mədəni, siyasi və ictimai inkişafında aparıcı mövqeyə sahib olmuş, çətin dövrlərdə belə öz sözünü deməyə davam etmişdir. Azərbaycan mətbuatı ölkəmizin ən məsuliyyətli və eyni zamanda taleyüklü zamanlarında – müstəqillik uğrunda mübarizə illərində, dövlətçiliyimizin bərpası və möhkəmlənməsi prosesində, Vətən müharibəsində öz cəsarətli mövqeyi ilə xalqımızın səsi olmuşdur.
Ümummilli Liderimiz Heydər Əliyev mətbuatın gücünə, onun ictimai əhəmiyyətinə daim böyük önəm vermiş, söz azadlığının qorunmasını demokratik cəmiyyətin vacib şərti hesab etmişdir. Senzuranın ləğvi, jurnalistlərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər Ulu Öndərin bu sahəyə göstərdiyi qayğının parlaq təzahürü idi. Onun rəhbərliyi ilə formalaşan və inkişaf edən milli media ənənələri bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində mətbuat sahəsində qanunvericilik bazası təkmilləşdirilmiş, jurnalistlərin peşə fəaliyyətinə dövlət dəstəyi artmış, medianın maddi-texniki bazası gücləndirilmişdir. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, jurnalistlərin peşə bayramlarında təltif olunması, ictimai müzakirələrdə onların fəal iştirakı, eləcə də son günlərdə Milli Mətbuatımızın 150 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə verdiyi yüksək dəyərin bariz nümunəsidir.
Belə bir əlamətdar gündə mətbuat tariximizdə Vətənə sədaqət, peşəkarlıq və qəhrəmanlıq simvoluna çevrilmiş şəhid jurnalistlərimizin fədakarlığını da xüsusi qeyd etmək istərdik. Onlar öz peşə borclarını yerinə yetirərkən həyatlarını itirməklə adlarını mətbuat tariximizə qızıl hərflərlə yazmışlar. Onların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Hazırda şəhər və rayonlarımızda fəaliyyət göstərən 80 yerli təşkilatda 35 mindən çox üzvü olan Azərbaycan Ağsaqqallar Şurası ilə ölkəmizin media qurumları arasında səmərəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq sayəsində təşkilatın fəaliyyəti işıqlandırılaraq ictimaiyyətə çatdırılır, milli-mənəvi dəyərlərimiz geniş şəkildə təbliğ edilir. İnanırıq ki, mətbuatımızın inkişafı, artan nüfuzu bundan sonra da Azərbaycan Ağsaqqallar Şurasının həyata keçirdiyi işlərin, ölkəmizdə ağsaqqallıq missiyasının uğurla reallaşmasında əhəmiyyətli rol oynayacaqdır.
Əziz mətbuat işçiləri!
Siz bu gün cəmiyyətin maarifləndirilməsində, ictimai rəyin formalaşdırilmasında, milli həmrəyliyin gücləndirilməsində əvəzsiz rol oynayırsınız. Əminik ki, gələcəkdə də vicdanlı və obyektiv sözünüzlə Azərbaycanın milli maraqlarının müdafiəsində ön cərgədə olacaqsınız. Bir daha sizi əlamətdar Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ürəkdən təbrik edir, sizə sağlamlıq, firavanlıq və yüksək peşəkarlıq, obyektivlik, prinsipiallıqla həyata keçirdiyiniz dəyərli işlərinizdə davamlı nailiyyətlər diləyirik!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri
adından Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev