Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Milli Qurtuluş Günü münasibətilə təbriki

Əziz həmvətənlər!
Sizi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayır, doğma Azərbaycanımıza daimi sülh və əmin-amanlıq diləyirik!
Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi olmuş, xalqımızın gələcək taleyini müəyyənləşdirmişdir. 1993-cü ilin iyununda Ümummilli Liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkəmizi vətəndaş müharibəsi və dağılmaq təhlükəsindən xilas edərək sabitliyin, inkişafın və müstəqilliyin möhkəmləndirilməsi yolunda möhtəşəm bir başlanğıc olmuşdur. Məhz Ulu Öndərin siyasi iradəsi, dərin zəkası və müdrik rəhbərliyi sayəsində dövlətçiliyimiz bərpa edilmiş, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməli qoyulmuşdur. Bu gün də dahi şəxsiyyətin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir, hərtərəfli inkişaf yolu keçən və beynəlxalq nüfuzu durmadan artan ölkəmiz regionun lider dövlətinə çevrilir.
Bu əlmətdar gündə bir daha qürurla qeyd etmək istərdik ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində xalqımız 30 ildən sonra tarixi ədaləti bərpa etdi. Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq, işğala son qoydu və ərazi bütövlüyümüzü təmin etdi. Bu tarixi Zəfərdə unudulmaz şəhidlərimizin müqəddəs qanı, qəhrəman qazilərimizin fədakarlığı və hər bir Azərbaycan vətəndaşının birliyi böyük rol oynadı.
Bu gün yalnız regionda deyil, dünya miqyasında sülhün, inkişafın və ədalətin tərəfdarı kimi tanınan ölkəmizdə Azərbaycan Ağsaqqallar Şurası olaraq biz də bilik və təcrübəmizi gənc nəslin və dövlətimizin inkişafı naminə səfərbər etməyə davam edirik. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi tərəqqi yolu ilə irəliləmək, milli-mənəvi dəyərlərimizi qorumaq, müstəqilliyimizi əbədi və dönməz etmək bizim borcumuzdur.
Hörmətli həmvətənlər!
Bir daha Sizi bu şanlı bayram – Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edir, hər bir soydaşımıza ən səmimi və xoş arzularımızı çatdırırıq!

Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
İdarə Heyətinin üzvləri adından
Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.