Sentyabrın 8-də Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin “Qalib Liderimizin diplomatik zəfəri regionda sülhün, sabitliyin zəmanətidir” mövzusunda iclası keçirilib.
Toplantının gündəliyinə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla Vaşinqton görüşünün tarixi əhəmiyyəti, Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin müzakirəsi, Azərbaycan Ağsaqqallar Şurasının mövqeyi və çağırışları kimi məsələlər daxil edilib.
İclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, Şuranın İdarə Heyətinin üzvü, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, Bayram Yusifov, professor Vahid Novruzov, eləcə də Şuranın İdarə Heyətinin üzvləri – akademik İsa Həbibbəyli, millət vəkili, akademik Ziyad Səmədzadə, akademik Arif Həşimov, professorlar Vaqif Şadlinski, Misir Mərdanov, Aqiyə Naxçıvanlı, İbrahim Quliyev, Şəmsəddin Hacıyev, eləcə də Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Arif Hümbətov, Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri, Nəzarət-Təftiş Komissiyasının üzvü Vaqif Məhərrəmov, Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Məhərrəm İbadov, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov və başqaları iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Eldar Quliyev iclas iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-yə uğurlu səfəri, mühüm beynəlxalq görüşləri və əldə etdiyi tarixi nailiyyətlər barədə ətraflı çıxış edib. Vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyev bu görüşdə bir daha milli iradəni, xalqımızın haqq səsini, dövlətimizin prinsipial mövqeyini yüksək diplomatik məharət və siyasi uzaqgörənliklə təmsil etmişdir. Görüş nəticəsində imzalanmış Birgə Bəyannamə bölgədə sülhün bərqərar olması, ədalətin bərpası və regionda uzunmüddətli sabitliyin təmin olunması üçün ciddi hüquqi və siyasi əsas yaratmışdır. “Bu gün Azərbaycan cəmiyyətində, xüsusilə gənc nəslin düşüncəsində sülh mədəniyyətinin təşviqinə dair ağsaqqalların üzərinə düşən əsas vəzifə, qarşıda duran məqsəd milli birliyimizi, dövlət suverenliyimizi qorumaq və gələcək nəsillərə barış, rifah içində bir Vətən miras qoymaqdır”- deyə Eldar Quliyev qeyd edib.
Sonra iclasda Şeyxülislam Allahşükür Paşazadə, Əhliman Əmiraslanov, Eldar İbrahimov, İsa Həbibbəyli, Vaqif Şadlinski, Aqiyə Naxçıvanlı, Misir Mərdanov, Vahid Novruzov, Ziyad Səmədzadə, Arif Hümbətov, Vaqif Məhərrəmov və başqaları çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən diplomatik uğurlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirib, ölkənin regionda aparıcı rolunu təsdiqləyib. Bildirilib ki, Vaşinqton görüşü Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, həm də Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir.
İclasda, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının Bəyanatı da qəbul edilib. Qəbul olunmuş Bəyanatda vurğulanıb ki, cari il avqustun 8-də Vaşinqton şəhərində keçirilmiş Zirvə görüşünün nəticələri tarixi əhəmiyyətli nailiyyət kimi dəyərləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi və yüksək diplomatik strategiyası nəticəsində imzalanmış Birgə Bəyannamə regionda sülhün, sabitliyin və firavanlığın bərqərar olunmasının rəsmi təsdiqidir. Sənəddə qeyd olunub ki, sülh və dövlətlərarası münasibətlərin təsisi haqqında Sazişin paraflanması dövlətçiliyimizin böyük diplomatik uğuru, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi üçün tarixi addım hesab olunur. ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulması münaqişə səhifəsinin qapanmasını və beynəlxalq hüquqa əsaslanan yeni reallıqların qəbul edilməsini nümayiş etdirir. Eyni zamanda, Zəngəzur dəhlizi üzrə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin reallaşdırılması regionun iqtisadi inkişafı və xalqların rifahı üçün yeni imkanlar açır.
Bəyanatda, həmçinin, bildirilib ki, Cənubi Qafqazda sülhün və mehriban qonşuluq münasibətlərinin bərpası üçün dönüş nöqtəsi olan bu tarixi sənəd gələcək nəsillər üçün parlaq perspektivlər açır. Azərbaycan Ağsaqqallar Şurası xalqı milli həmrəyliyi daha da gücləndirməyə, dövlət başçımızın ətrafında sıx birləşərək onun həyata keçirdiyi sülh və inkişaf siyasətinə daim dəstək olmağa çağırıb. Eyni zamanda, dost və qardaş xalqlar, eləcə də beynəlxalq təşkilatlar və dövlətlər sülh və sabitlik yolunda əməkdaşlığa dəvət olunub.
Bəyanatın sonunda Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tarixi diplomatik zəfərinin regionda sülhün və sabitliyin zəmanəti olduğu bir daha vurğulanıb.
Tədbir müzakirələrlə davam etdirilib və sonda xatirə şəkli çəkilib.















