Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının rəhbər heyəti Türkiyədə “Üç dövlət, bir millət” adlı iclasda iştirak ediblər

Sentyabrın 26-da və 27-də Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Türkiyə-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvlərinin birgə “Üç dövlət, bir millət” adlı ikinci iclası keçirilib.
İclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə dostluq  qrupunun üzvü, professor Eldar Quliyev, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov, Milli Məclisin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti  parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Cavanşir Feyziyev, Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə və Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü Anar Məmmədov, eləcə də AK Partiya İstanbul millət vəkili, TBMM-nin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, AK Partiya Konya millət vəkili, Türkiyə-ŞKTC Parlamentlərarası dostluq qrupunun rəhbəri Orhan Erdem, ŞKTC-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri Rəsmiyə Eroğlu Canaltay və digər üzvlər iştirak ediblər.
Türkiyə Böyük Millət Məclisinin binasında keçirilən üçtrəfli görüşdə Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentləri arasında əməkdaşlıq müzakirə olunub. “Bir millət, üç dövlət” devizi altında keçirilən müzakirələri açan TBMM-nin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Ankara ilə Bakı arasında fəal əməkdaşlığı vurğulayıb. O qeyd edib ki, Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi artmaqda davam edir və bu, Ankaranı sevindirir. Şamil Ayrım Azərbaycanı “Cənubi Qafqazın parlayan ulduzu” adlandırıb. O, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin avqustda Ağ Evdə keçirilən görüşün əhəmiyyətini də qeyd edib. “Azərbaycanın Ermənistan konstitusiyasına dəyişikliklərlə bağlı tələbləri haqlıdır. Bu, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına əngəldir. ATƏT-in Minsk qrupunun buraxılması və Zəngəzur dəhlizinin açılması perspektivi ümidvericidir”, – deyə parlamentlərarası dostluq qrupunun rəhbəri bildirib.
Türkiyə-ŞKTC parlamentlərarası dostluq qrupunun rəhbəri Orhan Erdem, öz növbəsində, əlaqələrin inkişafına verdiyi töhfəyə və Şimali Kiprə verdiyi dəstəyə görə Azərbaycan rəhbərliyinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Onun sözlərinə görə, Milli Məclisin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması haqqında qərarı həm Kipr türkləri, həm də Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə olub.
Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycan, Türkiyə və ŞKTC parlamentariləri arasında dialoqu yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. “Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bugünkü reallıq həm də onunla xüsusi əhəmiyyət kəsb edir ki, liderlər hörmətli Ərdoğan-Əliyev dostluğu, Türkiyə-Azərbaycan qardaşlığı ilə vəhdətdə müasir dünya siyasi düzənində hər kəsin hesablaşacağı vahid gücə çevrilib. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar qüvvə bu əlaqələrə hansısa bir formada zərər vura bilməyib. İki ölkə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” kəlamlarında dəqiq ifadə olunub. Prezident İlham Əliyev isə iki dövlət arasındakı qardaşlığı belə ifadə edib: “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”. Natiq, həmçinin, vurğulayıb ki, Şimali Kipr Türk Cumhuriyyəti beynəlxalq səviyyədə tanınmasının başlanğıcındadır. Belə ki, Şimali Kipr Türk Cumhuriyyəti İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, Avropa Şurası Parlament Assambleyasının isə tam hüquqlu üzvlərindən biridir. Türk Dövlətləri Təşkilatı yanında da Şimali Kipr Türk Cümhuriyyəti müşahidəçi statusundadır. Bu böyük diplomatik uğurlarda Türkiyə dövlətinin, xüsusilə Cumhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğanın xidmətləri əvəzsizdir. Bütün bunlar Türk Dünyasının möhkəmlənməsinə və Şimali Kipr Türk Cumhuriyyətinin azadlığına töhfədir. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti hörmətli Ersin Tatar müxtəlif səviyyəli tədbirlərlə bağlı Azərbaycana səfərlər etmiş, prezident cənab İlham Əliyevlə görüşmüşdür. İki lider arasındakı görüşlərdə Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsi və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi əsas müzakirə predmeti olmuşdur. Cənab Prezident İlham Əliyev Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verir”.
Milli Məclisin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Cavanşir Feyziyev çıxışında Şimali Kipri “Türk dünyasının ortaq məsuliyyəti” adlandırıb. “Bütün türk dövlətləri Kipr türklərinin üzləşdiyi problemlərin həlli üçün səy göstərməlidir. Azərbaycan Türk Dövlətləri Təşkilatı ölkələri ilə dialoqda bu məsələni daim gündəmə gətirir”, – deyə o bildirib.
Səfər zamanı Türkiyə Böyük Milli Məclisinin sədri Numan Kurtulmuş Türkiyə, Azərbaycan və ŞKTC-nin parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının nümayəndə heyətlərini qəbul edib. Qəbulda çıxış edən Numan Kurtulmuş dostluq qrupları arasında ikinci görüşün üçtərəfli əlaqələrə töhfə verəcəyinə ümid etdiyini bildirib. O, Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında münasibətlərin müsbət istiqamətdə getdiyini vurğulayaraq, Şimali Kipr Türk Respublikasının tanınmasına verdiyi dəstəyə görə Azərbaycana xüsusi təşəkkür edib. Azərbaycanın Şimali Kipr xalqının ədalətli tələblərini hər platformada müdafiə etdiyini və Şimali Kiprin beynəlxalq platformalarda, xüsusilə TÜRKPA-da təmsil olunmasına böyük həssaslıqla yanaşdığını qeyd edib. Azərbaycanın Qarabağı işğaldan azad etməsindən sonra yaranmış vəziyyətin Qafqazda güc balansını əhəmiyyətli dərəcədə dəyişdiyini və müsbət nəticəyə doğru inkişaf etməyə başladığını bildirən TBMM-nin sədri regionda baş verən mühüm hadisələrə diqqət çəkib. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin başlamasının və sonradan bu mövzuda əldə olunan razılaşmanın tarixi baxımdan əhəmiyyətli addımlar olduğunu vurğulayan Numan Kurtulmuş “Ümid edirik ki, Qafqazda, xüsusilə Cənubi Qafqazda, region xalqları kənardan müdaxiləyə ehtiyac olmadan sülh və qardaşlıq şəraitində birlikdə yaşaya bilərlər”, – deyə qeyd edib.
Nümayəndə heyətlərinin üzvləri qəbula görə təşəkkür edərək hər üç qardaş ölkə arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Səfər çərçivəsində Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvü, professor Eldar Quliyev və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç ilə görüşüblər. AK Partiya İstanbul millət vəkili, TBMM-nin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın da iştirak etdiyi görüşdə dost və qardaş ölkələr arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr aparılıb. Vurğulanıb ki, bu sarsılmaz əlaqələr hər zaman  “bir millət, iki dövlət” prinsipi ilə davam etdiriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.