Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Gəncədə təşkilatın regional konfransı keçirilib

May ayının 23-də Azərbaycan Ağsaqqallar Şurası Gəncə şəhərində 28 May – Müstəqillik Günü ərəfəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş  “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan Respublikasının Konstitusiyasının və Suverenliyinin banisidir” mövzusunda regional konfrans keçirib.

Regional konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Əhməd Məlikov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov,  Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, eləcə də Gəncə ilə yanaşı, ölkəmizin qərb bölgəsi – Qazax, Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux, Tovuz, Göygöl, habelə Kəlbəcər rayonu üzrə Azərbaycan Ağsaqqallar Şurasının, YAP-ın və gənclər təşkilatlarının rəhbər şəxsləri və üzvləri, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər, gənclər, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, o cümlədən kolleclərin müəllim və tələbələri iştirak ediblər.

Azərbaycan Dövlət Aqrar Universitetinin binasında baş tutan regional konfransda Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açaraq konfrans iştirakçılarını salamlayan Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Əhməd Məlikov möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında 28 dekabr 2024-cü il tarixli Sərəncamının müddəalarından bəhs edib. Həmçinin Şərqdə ilk demokratik respublika kimi 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Cümhuriyyətinin 107-ci ildönümü ərəfəsində  professor-müəllim heyətinin, eləcə də tələbə və gənclərin öhdəsinə böyük vəzifələr  düşdüyünü vurğulayıb. Qeyd edib ki, biz öz elmimiz, təhsilimizlə Azərbaycanı daha da gücləndirməli, Vətənə xidmət etməliyik.

Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov konfrans iştirakçılarını İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun və öz adından salamlayaraq Konstitusiya və suverenliyimizin tarixi barədə məlumat verib. Eləcə də ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycanın davamlı inkişafı, dünya ölkələri arasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında Ulu Öndər Heydər Əliyev ideyalarının  əvəzsiz rol oynadığını vurğulayıb. Bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyəti hər il olduğu kimi bu il – “Konstitusiya və Suverenlik İli”ndə də Şəhər Ağsaqqallar Şurası ilə birlikdə aktual mövzularda ictimai-siyasi, mədəni tədbirlər keçirir və bu səmərəli ənənənə gələcəkdə də davam etdiriləcəkdir.

Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov da öz çıxışında hər kəsi salamlayaraq onlarla növbəti dəfə regional konfransda görüşməkdən məmnun olduğunu bildirib. Təşkilatın fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə məlumat verən natiq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə elan edilmiş “Konstitusiya və Suverenlik İli”ndə bir sıra digər əhəmiyyətli tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini vurğulayan Nurəddin Məmmədov müasir və müstəqil Azərbaycan dövlətinin Ulu Öndərin adı ilə bağlı olduğunu bildirib. Əlavə edib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz, Azərbaycanımız gündən-günə inkişaf edir, çiçəklənir.

Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru  Bayram Yusifov çıxış edərək konfrans iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb, hər kəsi qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbrik edib. Bildirib ki, 28 May – Müstəqillik günü ərəfəsində bu tarixi məkanda – Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi bu binada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş  regional konfransın keçirilməsi böyük əhəmiyyətə malikdir. Dövlətimizin müasir dövrünün Konstitusiyasının məhz Ümummilli Liderimizin gərgin əməyi nəticəsində hazırlandığını qeyd edən natiq müstəqillik mübarizəsi tariximizdə Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən söz açıb. Hələ sovetlər dövrünün mövcud olduğu 17 noyabr 1990-cı ildə dahi rəhbərin qətiyyəti sayəsində üçrəngli bayrağımızın Naxçıvanda rəsmən ucaldılmasını milli azadlıq hərəkatında, müstəqilliyə gedən yolda böyük tarixi hadisə adlandırıb. Vurğulayıb ki, həqiqətən də Azərbaycan Respublikasının bu il 30 ili tamam olan Konstitusiyasının,  eləcə də 5 il əvvəl Vətən müharibəsində erməni işğalçıları üzərində böyük Zəfərlə və uğurlu antiterror tədbirləri ilə tam bərpa olunmuş Suverenliyimizin banisi  Ulu Öndər Heydər Əliyevdir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Liderimizin  strategiyasının davam etdirilməsi, Konstitusiyamızın real həyatda tam tətbiqi nəticəsində suverenliyini bərpa edən ölkəmiz hazırda davamlı inkişaf edir, qüdrətlənir, yüksək beynəlxalq nüfuz sahibi olur. Bayram Yusifov xüsusilə ağsaqqallarımız, ziyalılarımız, müəllimlərimiz tərəfindən gənclərin bu sahədə maarifləndirilməsinin vacibliyini qeyd edərək, belə tədbirlərin cəmiyyətimizdə ictimai şüurun formalaşmasına, vətənpərvərlik ruhunun, vətəndaşlıq mövqeyinin və məsuliyyətinin güclənməsinə mühüm töhfələr verdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan Ağsaqqallar Şurasının bu cür aktual mövzularda mütəmadi  olaraq geniş və səmərəli tədbirlər keçirməsi bir daha Şuranın uğurlu fəaliyyətinin, gücünün və təşkilat üzvlərinin, dəyərli ağsaqqalların hər zaman olduğu kimi, bu gün də dövlətə, dövlətçiliyə, müstəqilliyimizə, suverenliyimizə və azərbaycançılıq məfkurəsinə xidmətinin və sədaqətinin göstəricisidir. Çıxışı zamanı ölkəmizin bütün sahələrdə qazandığı uğurları, böyük Qələbəmizi bir daha xatırladan Bayram Yusifov qeyd edib ki, Azərbaycan xalqı möhtəşəm olduğu qədər də xoşbəxt xalqdır. Çünki bizim Ümummilli Liderimiz Heydər Əliyev kimi ağsaqqalımız, rəhbərimiz olub və hazırda onun yolunu yüksək səviyyədə davam etdirən dünyaşöhrətli Prezidentimiz, qalib Liderimiz var.  Mən əminəm ki, müasir, müstəqil, suveren Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza atacaq və biz ağsaqallar hər zaman, hər sahədə möhtərəm Prezidentimizi qətiyyətlə dəstəkləyəcəyik.

Konfransda, həmçinin, ADAU-nun İctimai fənlər kafedrasının müdiri, dosent Elgün Aslanovun və ADAU-nun İctimai fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sevda Abdullayevanın maraqlı məruzələri dinlənilib. Sonra Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Əliyev, Qazax Rayon Ağsaqqallar Şurasının üzvü Fərhad Qocamanov, ADAU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nizami Məmmədov və başqaları çıxış edərək vurğulayıblar ki, hər zaman olduğu kimi “Konstitusiya və Suverenlik İli”ndə də Azərbaycan  özünün milli maraqlarının təmin olunması istiqamətində müstəqil siyasətini prinsipiallıqla və uğurla davam etdirir. Konstitusiyamızın tələblərini və öz suveren hüquqlarını rəhbər tutaraq  strateji hədəflərə doğru inamla irəliləyir. “Biz ağsaqqallar, ziyalılar, gənclər bu yolda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyin məqsədyönlü siyasətinin uğurla həyata keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik,” – deyə natiqlər qeyd ediblər.

Konfransın sonunda xatirə şəkli çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.