Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikasının ilk Ombudsmanı, kimya elmləri doktoru, professor Elmira Süleymanovanın vəfatının ildönümü ilə əlaqədar bu gün Azərbaycan Ağsaqqallar Şurasının əməkdaşları nüfuzlu ictimai-siyasi xadimin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar.
Ziyarət zamanı Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli xalqımıza dəyərli xidmətlər göstərən Elmira Süleymanovanın Şuranın sədr müavini olaraq nümunəvi fəaliyyətindən söz açıb. Cəmiyyətimizin inkişafında, gənclərimizin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsindən bəhs edib. Vurğulayıb ki, ölkəmizin tərəqqisi naminə öz imkanlarını, bilik və bacarığını heç zaman əsirgəməyən, şərəfli və fədakar ömür yolu gənc nəsil üçün örnək olan Elmira Süleymanovanın əziz xatirəsi xalqımız tərəfindən heç zaman unudulmayacaqdır.


