Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev və sədrin birinci müavini Əhliman Əmiraslanov Ankarada Ulu Öndərin anım mərasimində iştirak ediblər

Ankarada Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə Prezident Millət Kitabxanasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilən mərasim və Ulu Öndərin əziz xatirəsində ithaf olunan “Duman çəkiləndə” romanının təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, professor Eldar Quliyev, sədrin birinci müavini, Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov, deputat Anar Məmmədov, eyni zamanda Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun sədri Şamil Ayrım, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, romanın müəllifi Sabir Şahtaxtı, eləcə də Türkiyə parlamentinin deputatları, diplomatlar, elm xadimləri və ekspertlər iştirak ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Rəsmi açılışda Türkiyə Prezident Kitabxanaları Departamentinin sədri Ayhan Tuğlu, Rəşad Məmmədov, Əhliman Əmiraslanov, Şamil Ayrım, Necdet Ünüvar, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar, Sabir Şahtaxtı  və digər rəsmi şəxslər çıxış edərək Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, dünya şöhrətli siyasətçinin dövlətçilik ideologiyasından, Azərbaycan-Türkiyə qardaşlığının inkişafına verdiyi töhfələrdən bəhs ediblər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbənin Türk dünyasının həmrəyliyinə tarixi təsirindən söz açıblar.

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov qeyd edib ki, “Bu gün biz Türk dünyasının böyük oğlu, dövlət xadimi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ərəfəsində onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Ulu Öndərimiz Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin mürəkkəb sınaqlarından uğurla çıxarmış, güclü, öz sözü olan demokratik, dünyəvi müasir Azərbaycan dövlətini yaratmışdır. Ulu Öndər eyni zamanda, türk dünyasının möhkəmlənməsində çox incə, strateji və taktik fəaliyyət göstərmiş, bugünkü Türk dünyası birliyinin ideoloji əsasını qoymuşdur. Hazırda Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Sözsüz ki, bu münasibətlər iki nüfuzlu liderin – cənab Rəcəb Tayyib Ərdoğanın və cənab İlham Əliyevin, o cümlədən xalqlarımız arasında olan dostluq və qardaşlığın sayəsində mümkün olmuşdur.”

Tədbirdə, həmçinin, yazıçı-publisist Sabir Şahtaxtının qələmə aldığı “Duman çəkiləndə” siyasi-tarixi romanı haqqında fikir və düşüncələrini ifadə edən natiqlər əminliklə bildiriblər ki, Vətən müharibəsinin bütün əzəmətini özündə əks etdirən əsər hər zaman ədəbiyyatsevərlərin qəlbini oxşayacaq. Natiqlər qeyd ediblər ki, əsər məhz müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderliyində qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətin tərənnümüdür. Türkiyə Prezidenti cənab  Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsində Azərbaycana verdiyi siyasi-mənəvi dəstək Türkiyə xalqını səfərbər edib. Roman ümumilikdə Azərbaycan xalqının dövlətçilik arzusunu özündə əks etdirir.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən nadir orijinal fotolardan ibarət sərginin açılışı olub.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.