Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla keçirilən görüşlərdə iştirak edib

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev və sədr müavini, millət vəkili, professor Eldar İbrahimov ölkəmizdə səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla Milli Məclisdə və Qafqaz Müsəlmanları İdarəsində keçirilən görüşlərdə iştirak ediblər.
Xatırladaq ki, iyul ayının 16-da ölkəmizə səfərə gələn Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, şeyxülislam Allahşükür Paşazadə ilə və digər rəsmi şəxslərlə görüşlər keçirib. Səmimi şəraitdə keçən bu görüşlərdə iki dost və qardaş ölkələr arasında  siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri və bir sıra digər mühüm məsələlər müzakirə olunub.
Səfər zamanı Qurbanqulu Berdiməhəmmədov Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Eləcə də Bakıdakı Zəfər parkını ziyarət edib, qəhrəman şəhidlərimizin xatirəsini anıb. Həmçinin işğaldan azad olunmuş ərazilərimizə –  Füzuliyə və Şuşaya səfər edən Türkmənistan Xalq Məsləhətinin sədri orada gedən genişmiqyaslı quruculuq işləri ilə tanış olub, bərpa edilən Bülbülün ev-muzeyini, Yuxarı Gövhər Ağa məscidini və digər yerləri  ziyarət edib.  Qonağa erməni işğalçıları tərəfindən törədilən dağıntılar, vandalizm aktları barədə məlumat verilib. Şuşada Cıdır düzündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atını hədiyyə edib.
Qeyd edək ki, beynəlxalq əlaqələrin genişləndirilməsinə hər zaman böyük  diqqət ayıran Azərbaycan Ağsaqqallar Şurası xüsusilə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasına daxil olan ölkələr arasında ələqələrin inkişafına öz layiqli töhfəsini verir. Son illər ərzində Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə təşkilatın rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Türkiyədə, Özbəkistanda və eləcə də  2022-ci ilin may ayında Türkmənistanın sabiq prezidenti və Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə qardaş ölkədə işgüzar səfərdə olub. Səfər zamanı nümayəndə heyəti Qurbanqulu Berdiməhəmmədovla və digər rəsmi şəxslərlə səmərəli görüşlər keçirib, bir sıra əhəmiyyətli tədbirlərdə iştirak edib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Qurbanqulu Berdiməhəmmədovu “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edib. Xatırladaq ki, Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasında Türkmənistanı təmsil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.