Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Veteranlar Təşkilatının konfransında iştirak edib

Sentyabr ayının 5-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Müharibənin qalibi, sülhün müəllifi” mövzusunda keçirdiyi  konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Veteranlar Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə, Nəsimi Rayon İcra Hakimiyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli,  Əməkdar kənd təsərrüfatı işçisi, I Qarabağ müharibəsi və əmək veteranı  İmran Əbilov, eləcə də veteranlar, qazilər, hərbçilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Konfransı açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin rəhəbrliyi altında xalqımızın 44 günlük Vətən müharibəsində apardığı mübarizəyə diqqət çəkib, 8 Noyabr zəfərinin önəmini vurğulayıb:
“Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev kimi böyük şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur. Xalqımız öz liderinin – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycan tarixinin ən böyük uğurunu – bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Uzaqgörən lider cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. O yalnız hərb meydanında müzəffər sərkərdə kimi deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təkcə hərbi Qələbənin deyil, eyni zamanda sabitliyin, inkişafın və sülhün memarıdır. Onun müdrik rəhbərliyi ilə Azərbaycan bu gün nəinki regionda, həm də beynəlxalq miqyasda sabitlik adası, əməkdaşlıq mərkəzi və dayanıqlı inkişaf modeli kimi tanınır. Əminik ki, bu model yaxın gələcəkdə bütün dünya üçün nümunəyə çevriləcək və hər kəs  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqının əldə etdiyi yeni, böyük, tarixi uğurlara şahid olacaq”.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev ölkəmizin bütün dünya dövlətləri ilə geniş əməkdaşlıq əlaqələri qurduğuna diqqət çəkərək, qazandığımız uğurların müəllifinin müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin olduğunu vurğulayıb. Bildirib ki, həqiqətən möhtərəm Prezidentimiz təkcə müharibənin qalibi deyil, həm də sülhün banisidir. Uğurlu Vaşinqton görüşündən söz açan natiq qeyd edib ki, bu görüş Azərbaycan-Ermənistan münasibətləri ilə yanaşı, Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və inkişaf üçün möhkəm təməllərin əsasını qoydu.  44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə hazırda sülh masasında davam etdirilir, daha da möhkəmləndirilir. Bütün bu nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinin, diplomatik məharətinin bariz nümunəsidir. Eldar Quliyev, həmçinin, vurğulayıb ki, bu uğurlar, naliyyətlər fonunda xalqımızın hər bir nümayəndəsi, o cümlədən biz – ağsaqqallar, veteranlar dövlət başçısının ətrafında daha sıx birləşməli, doğma Azərbaycanımızın davamlı inkişafı naminə öz üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə öz çıxışında dövlətimizin əldə etdiyi iqtisadi uğurlardan söz açıb. Müstəqilliyin ilk illərində Azərbaycanın bir çox problemlərlə yanaşı, həm də ciddi borc problemi ilə üzləşdiyini bildirən millət vəkili hazırda Azərbaycanın borc verən ölkəyə çevrildiyini vurğulayıb.
Konfransda çıxış edən digər natiqlər də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərinə toxunublar. Qeyd ediblər ki, məhz ölkə başçısı cənab İlham Əliyevin dərin zəkası, yüksək siyasi səriştəsi, cəsarət və qətiyyəti Azərbaycanı tarixin ağır sınaqlarından qalib çıxardı, dövlətimizə və xalqımıza  bütün dünyada böyük hörmət və ehtiram qazandırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.