Azərbaycanda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həlak olan qəhrəman Vətən oğullarının əziz xatirəsinin yad edilməsinə həsr olunmuş Anım Günü hər il sentyabrın 27-də böyük izdihamla qeyd olunur. Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarınını üzvləri hər il olduğu kimi bu il də Anım Gününə həsr olunmuş tədbirlərdə yaxından iştirak ediblər.
Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları respublikamızın bütün şəhər və rayonlarında icra hakimiyyətləri, YAP, Veteranlar təkilatı və digər qurumlarla birlikdə şəhidlərimizə Anım tədbirləri keçirmiş, Şəhidlər Xiyabanının, şəhid məzarlarının, qəhrəman övladlarımızın xatirəsinə ucaldılmış abidələrin önünə gül dəstələri düzərək əziz xatirələrini ehtiramla yad etmiş, ruhlarına dualar oxumuşlar. Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsinə ehsan süfrələri də təşkil olunmuş, eləcə də rəsm sərgiləri nümayiş etdirilmiş, ağacəkmə aksiyaları və digər tədbirlər də keçirilmişdir. Saat 12:00-da bütün Azərbaycanda qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Anım Günü tədbirlərində digər natiqlərlə yanaşı çıxış edən şəhər və rayon Ağsaqqallar Şurasının üzvləri 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun igid əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan bəhs etmiş, erməni qəsbkarlarının 30 il işğal altında saxladıqları torpaqlarımızın şəhidlərimizin qanı bahasına azad edildiyini vuğulamışlar. Qeyd etmişlər ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı qanunsuz silahlı birləşmələrinin tör-töküntüləri də təslim olmağa məcbur edilmiş, tarixi ədalət – ərazi bütövlüyümüz tam bərpa olunmuşdur.
Paytaxtda və bölgələrdə Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının üzvləri, habelə digər ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər Xiyabanının ziyarəti gün ərzində davam etmişdir.
















