Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının üzvləri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar ölkəmizin bütün bölgələrində keçirilmiş tədbirlərdə yaxından iştirak ediblər.
Şəhər və rayonlarda keçirilmiş anım tədbirlərində ağsaqqallar digər ictimaiyyət nümayəndələri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, əziz xatirəsini ehtiramla yad ediblər. Anım mərasimləri konfrans və tədbirlərlə, həmçinin ehsan süfrələri ilə davam edib. Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının üzvləri ilə yanaşı, mərasimlərdə İcra hakimiyyətlərinin, YAP-ın yerli təşkilatlarının, hüquq-mühafizə orqanlarının və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım tədbirlərində çıxış edən ağsaqqallar bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin idarəçiliyi nəticəsində Azərbaycan bütün sahələrdə mühüm inkişaf yolu keçib, ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. “Bugünkü güclü, inkişaf etmiş, qalib Azərbaycan Heydər Əliyevin şah əsəridir,” – deyə vurğulayan natiqlər qeyd ediblər ki, böyük dövlət xadiminin əsasını qoyduğu mükəmməl idarəçilik konsepsiyası ölkəmizin iqtisadi və hərbi uğurlarının təməlini təşkil edib. Ağsaqqallar Qarabağın azad edilməsini və işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparılmasını da məhz Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin və bu siyasətin möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nəticəsi kimi dəyərləndiriblər. Çıxışlarda, həmçinin, qeyd edilib ki, öz xalqı üçün ömrünü sərf etmiş Ümummilli Lider Heydər Əliyev hər zaman dərin ehtiramla yad olunacaqdır və ağsaqqallar daim Ulu Öndərin zəngin mənəvi irsini, milli dövlətçilik ideyalarını cəmiyyətə, xüsusilə gənclərə aşılayacaqlar.
Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxlar da nümayiş olunub.












