May ayının 15-də Azərbaycan Ağsaqqallar Şurasının Ucar və Yevlax rayon təşkilatlarında hesabat konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, habelə rayon ağsaqqalları, ziyalıları, şəhid ailələri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfranslarda Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və hesabat dövründə vəfat etmiş ağsaqqalların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyevi və tədbir iştirakçılarını salamlayan icra hakimiyyətlərinin başçıları bildiriblər ki, ölkəmizin hər bir bölgəsində olduğu kimi, Ucar və Yevlax rayonlarında da ağsaqqallar yüksək nüfuza malikdirlər. Ağsaqqal sözü, ağsaqqal nəsihəti hər birimiz üçün böyük əhəmiyyət kəsb edir. Natiqlər rayonların ictimai-mədəni həyatında, gənc nəslin sağlam təməllər üzərində formalaşmasında ağsaqqalların daim xüsusi rol oynadıqlarını vurğulayıblar. Bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin yolunu hər sahədə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ağsaqqallara hərtərəfli qayğı ilə yanaşır.
Sonra Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev və Yevlax Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov təşkilatların fəaliyyətləri ilə bağlı hesabat məruzələri ilə çıxış ediblər. Məruzələrdə bildiriblər ki, hesabat dövrü ərzində yerli təşkilatlar rayonların ictimai-siyasi və mədəni həyatında, sosial-iqtisadi sahələrin inkişafında və bir çox aktual məsələlərin həllində yaxından iştirak ediblər. Natiqlər, həmçinin, vurğulayıblar ki, rayon ağsaqqalları xalqımızın milli-mənəvi dəyərlərinin, adət və ənənələrinin qorunması, yaşadılması və gələcək nəslə ötürülməsi, gənclərimizdə vətənpərvərlik hissinin gücləndirilməsi və digər məsələlərlə bağlı tədbirlər, maarifləndirici görüşlər keçirir, problemlərin həllinə öz töhfələrini verirlər. Sədrlər məruzələrinin sonunda Azərbaycanın inkişafı naminə gələcəkdə də öz səylərini əsirgəməyəcəklərini qeyd ediblər.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdıraraq, bu rayonlarda ağsaqqallarla və sakinlərlə növbəti dəfə görüşdüyü üçün məmnunluq hissi keçirdiyini bildirib. Natiq Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün atılan səmərəli addımlardan söz açıb. Bildirib ki, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq miqyasda nüfuzlu, qüdrətli, o cümlədən dayanıqlı iqtisadiyyata malik bir ölkəyə çevrilib. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurlu siyasəti və qətiyyətli rəhbərliyi ilə artan iqtisadi gücümüz, beynəlxalq nüfuzumuz, mükəmməl ordu quruculuğumuz və igid oğullarımızın qəhrəmanlıqları sayəsində torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev yerli təşkilatların hesabatlarını qənaətbəxş hesab edərək, onlara gənclərlə fəaliyyətin daha da artırılması ilə bağlı öz tövsiyələrini verib, hər bir ağsaqqala möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfranslarda çıxış edən digər natiqlər də Rayon Ağsaqqallar Şuralarının fəaliyyətini qənaətbəxş qiymətləndirərək, ağsaqqalların qarşısında duran vəzifələrdən danışıblar, Şura üzvlərinin gələcəkdə rayonların ictimai-siyasi və mədəni həyatında daha fəal iştirak edəcəklərinə əmin olduğunu bildiriblər.
Azərbaycan Ağsaqqallar Şurasının Ucar və Yevlax rayon təşkilatlarında hesabat konfransları keçirilib
- 16-05-2025
- [17:30]
- []
16
May























