Xəbərlər

Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun əziz xatirəsi anılıb

Noyabr ayının 19-da Astaranın Əzərut kəndində əfsanəvi kəşfiyyatçı, 17 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun əziz xatirəsi anılıb. Xatirə mərasimində uzun müddət Astara rayonunda yüksək vəzifələrdə çalışmış Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor İbrahim Quliyev, şəhidin anası Vahimə Teymurova, Astara Ziyalıları Cəmiyyətinin sədri Mircəfər Babazadə, ağsaqqallar və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları Milli Qəhrəman Pəncəli Teymurovun ev muzeyini və qəbirüstü abidəsinin ziyarəti ediblər, ruhuna dualar oxuyaraq əziz xatirəsini ehtiramla anıblar.
Mərasimdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor İbrahim Quliyev möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən, torpaqlarımızın işğaldan azad olunmasından, hazırda həmin torpaqlarda geniş abadlıq-quruculuq işlərinin aparılmasından ətraflı bəhs edib. Həmçinin Azərbaycanın inkişaf etmiş ölkələrlə strateji əməkdaşlıq müqavilələri, Vətənimizin çiçəklənməsinə xidmət edən layihələr haqqında söz açmış, dövlətimizin mənafeyinə zidd olan proseslərə qarşı mübarizə aparmağın vacibliyini vurğulamışdır. Bildirmişdir ki, bu dövlət çoxlu şəhid verməklə, qan tökməklə öz suverenliyini, ərazi bütövlüyünü bərpa etmişdir. Onlardan biri də unudulmaz şəhidimiz, Milli Qəhrəman Pəncəli Teymurovdur. Çox sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə ona Milli Qəhrəman adı verilmiş və bununla da bir çox insanların qəlbi ovunmuşdur. Göstərilən bu yüksək diqqətlə əlaqədar olaraq İbrahim Quliyev öz adından və şəhidin doğmaları adından dərin minnətdarlığını ifadə etmiş, əmin olduğunu bildirmişdir ki, həmişə olduğu kimi bundan sonra da Vətənə şərəflə xidmət edən hər bir zabit, əsgər, sıravi vətəndaş Azərbaycan Respublikasının Prezidenti tərəfindən layiqli haqqını, dəyərini alacaqdır.
Mərasimdə çıxış edən digər natiqlər də möhtərəm Prezidentimizin bu sərəncamını alqışlamış, ona sonsuz ehtiram və hörmətlərini bildirmişlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 noyabr 2025-ci il tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş şəhid gizir Teymurov Pəncəli Nurməmməd oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.