May ayının 11-də Bərdə Rayon Ağsaqqallar Şurası tərəfindən təşkil olunan “Kitab bayramı”nda yüzlərlə insan – ağsaqqallar, ziyalılar, gənclər, şəhid ailələrinin üzvləri, qazilər, habelə millət vəkili Fatma Yıldırım, məşhur futbolçu İsgəndər Cavadov, rayonun məsul və rəhbər şəxsləri, müəllim və şagirdlər, o cümlədən rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
“Kitab bayramı”nda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, millət vəkili Fatma Yıldırım, şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, məşhur futbolçu İsgəndər Cavadov və digərləri çıxış ediblər. Çıxışlarda tədbirin təşkilatçılarına minnətdarlıq bildirilib, “Kitab bayramı”nın əhəmiyyətindən bəhs olunub. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövləti və xalqı naminə misilsiz fədakarlıqlarından, onun ölkəmizdə kitaba, elmin inkişafına verdiyi töhfələrdən danışılıb.
“Kitab bayramı”nda 3 minə yaxın kitab paylanılıb, hədiyyələr təqdim olunub. Təbdirin bədii hissəsində şeirlər səsləndirilib və yerli ifaçılar tərəfindən mahnılar ifa edilib.
Yüzlərlə insanın qatıldığı “Kitab bayramı” iştirakçılar tərəfindən böyük maraqla və məmnunluqla qarşılanıb.