İyun ayının 5-də Azərbaycan Ağsaqqallar Şurasının Bərdə və Tərtər rayon təşkilatlarında hesabat konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, həmçinin ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, idarə və müəssisələrin nümayəndələri, gənclər iştirak ediblər.
Toplantı iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfranslarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov öz çıxışlarında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyevi və tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların rayonların ictimai-mədəni həyatındakı əhəmiyyətli rolundan, onların aktiv fəaliyyətlərindən, həmçinin dövlətimiz tərəfindən yaşlı nəslin nümayəndələrinə göstərilən diqqət və qayğıdan danışıblar. Cəmiyyətimizin maarifləndirilməsində, xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərimizə hörmət və Vətənə, xalqa, dövlətə sədaqət ruhunda yetişdirilməsində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu vurğulayıblar. Bildiriblər ki, Azərbaycanın hər bir regionunda olduğu kimi, Bərdə və Tərtər rayonlarında da ağsaqqallar yüksək nüfuza malikdirlər.
Sonra Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov və Tərtər Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barəsində məruzələr ediblər. Bildiriblər ki, Rayon Ağsaqqallar Şuralarının üzvləri mütəmadi olaraq sakinlərlə, şəhid ailələri və qazilərlə görüşlər keçirir, əsasən, gənclərin maarifləndirilməsi, əhalinin sosial-məişət problemlərinin, ailədaxili zorakılığın, boşanmaların, erkən nikahların qarşısının alınması istiqamətindəki tədbirlərdə fəallıq nümayiş etdirirlər. Eyni zamanda mövcud problemlər barədə aidiyyəti qurumlara məlumatlar verilir, onların həllinə köməklik göstərilir. Natiqlər, həmçinin, qeyd ediblər ki, bundan sonra da Bərdə və Tərtər rayonlarının ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək, ölkəmizin inkişafı naminə öz səylərini əsirgəməyəcəklər.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdıraraq, Bərdə və Tərtər sakinləri ilə görüşdən məmnun olduğunu vurğulayıb. Ölkəmizdəki ictimai-siyasi proseslərdə hər zaman yaxından iştirak edərək xalqımızın milli mənafeyinə xidmət göstərən ağsaqqalların fəaliyyətindən ətraflı bəhs edən natiq 77 şəhər və rayon təşkilatında 35 min üzvü öz ətrafında birləşdirən Şuranın qarşıya qoyduğu başlıca məqsədlərdən söz açıb. Bildirib ki, əsas məqsəd Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının aktual məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etməkdən ibarətdir. Ağalar Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı böyük Qələbə nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən də söz açıb. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək fəaliyyəti sayəsində ölkəmizin hər bir bölgəsi gündən-günə inkişaf edir və daha da gözəlləşir. Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib və hər bir ağsaqqala gələcək fəaliyyətində uğurlar arzulayıb.
Hesabat məruzəsi ətrafında çıxış edən digər natiqlər də rayon ağsaqqallarının fəaliyyətini qənaətbəxş hesab edərək, onlara gördükləri işlərdə nailiyyətlər diləyiblər.
Hesabat konfranslarında bəzi təşkilati məsələlərə də baxılıb, Azərbaycan Ağsaqqallar Şurasının Bərdə və Tərtər rayon təşkilatlarının İdarə Heyətləri yenidən formalaşdırılıb. Dünyasını dəyişmiş və xəstəlikləri səbəbindən fəaliyyətlərini davam etdirə bilməyən üzvlərin yerinə, həmçinin, rayonların nüfuzlu ağsaqqallarından səsvermə yolu ilə yeni üzvlər seçilib.
Digər rayonların tədbirlərində olduğu kimi, Bərdə və Tərtərdə keçirilən konfranslarda da bildirilib ki, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyevin təşəbbüsü və maddi dəstəyi ilə hər iki rayonun Ağsaqallar Şurasının fəaliyyətində aktiv iştirak edən 50 nəfər aztəminatlı ağsaqqala qarşıdan gələn “Qurban” və digər bayramlarda ərzaq yardımı ediləcək, bayram sovqatları veriləcək. Habelə hər rayon üzrə 5 nəfər ağsaqqalın müalicə-sağlamlıq müəssisələrinə putyovkalarla (yollayışlarla) təmin edilməsinə köməklik göstəriləcəkdir.




















