Xəbərlər

Bakının işğaldan azad edilməsinin 107-ci ildönümü qeyd olunub

15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu böyük xilaskarlıq missiyası nümayiş etdirərək yerli özünümüdafiə könüllüləri ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad edib. Bu hadisə Azərbaycan Xalq Cümhuriyyətinə dövlət quruculuğu prosesinə başlamaq imkanı yaradıb. Həmin hadisədən üç il əvvəl isə azərbaycanlı oğullar Çanaqqalada türk qardaşları ilə birgə vuruşmuş, o torpaqda şəhadətə qovuşmuşlar. Babalarımızın miras qoyduğu bu qardaşlıq sonrakı illərdə yeni məzmunla zənginləşərək bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin taleyində unudulmaz və  mühüm amil olub. Sentyabrın 15-i Azərbaycan xalqı üçün  böyük əhəmiyyətə malik tarixi hadisə və qürur mənbəyidir.
Azərbaycan Ağsaqqallar Şurası tərəfindən də bu  tarixi hadisənin ildönümü ilə əlaqədar müxtəlif şəhər və rayonlarda tədbirlər keçirilir. Abşeron Rayon Ağsaqqallar Şurasının təşəbbüsü ilə 12 sentyabr 2025-ci il tarixində Qobu qəsəbəsinin Ağsaqqallar Şurasının, Uşaq İncəsənət Mərkəzinin, Sənətkarlıq evinin və qəsəbədə fəaliyyət göstərən kitabxanasının birgə təşkilatçılığı ilə 1918-ci ilin 15 sentyabrında Qafqaz İslam Ordusunun və yerli özünümüdafiə könüllülərinin Bakı şəhərini daşnak-bolşevik işğalından azad etməsinin 107-ci ildönümü qeyd olunub.
Toplantıda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra  türk və azərbaycanlı şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbirdə Qafqaz İslam Ordusunun şanlı qəhrəmanlıq səhifələri, Bakının azadlığı uğrundakı döyüşlərin arxiv xronikaları nümayiş etdirilib. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin “Türkiyə – Azərbaycan” şeiri məktəblinin ifasında səslənib. Tədbirdə Qobu qəsəbə Ağsaqqallar Şurasının sədri Ədalət Ağayev, Qobu qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist Məmmədağa Ağarzaoğlu və qəsəbə Ağsaqqallar Şurasının sədr müavini, ehtiyatda olan polkovnik-leytenant Ramiz Məmmədov çıxış ediblər.  Xilaskar Qafqaz İslam Ordusunun Qobu qəsəbəsinə gəlişi, burada göstərdiyi hərbi fəaliyyət və onlara kömək edən kəndin igidləri, xeyirxah insanları barədə ətraflı məlumat veriblər. Bakının erməni-bolşevik işğalından azad edilməsini XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi səciyyələndirərək  vurğulayıblar ki, XXI əsrdə isə şanlı Ordumuzun müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərkərdəliyi ilə türkün tarixinə qızıl hərflərlə yazılan Qarabağ  Zəfəri qazanıldı, torpaqlarımızın 30 illik işğalına son qoyuldu. 44 günlük Vətən müharibəsində  tarix təkrar olundu. Əgər 107 il əvvəl Osmanlı dövləti azərbaycanlı qardaşlarına hərbi qüvvə ilə kömək etmişdisə, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsi günlərində Türkiyə siyasi-mənəvi dəstək göstərdi. Müharibənin əvvəlindən sonunadək Türkiyə Azərbaycanın yanında oldu.
Tədbir maraqlı musiqi nömrələri ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.