Xəbərlər

BAŞSAĞLIĞI

Azərbaycan Ağsaqqallar Şurasına və ölkə ictimaiyyətinə ağır itki üz vermişdir. Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, əməkdar bədən tərbiyəsi və idman xadimi, dəyərli ziyalı, müdrik ağsaqqal Cavanşir Qurbanov 2025-ci il may ayının 21-də 78 yaşında vəfat etmişdir.

Azərbaycan ağsaqqalının ən dəyərli xüsusiyyətlərini özündə cəmləşdirən Cavanşir Qurbanov fəaliyyəti boyunca hər zaman dövlətimizə və xalqımıza yüksək fədakarlıqla xidmət göstərmişdir. Onun rəhbərliyi altında bir çox tanınmış idmançılar və bədən tərbiyəsi sahəsi üzrə mütəxəssislər yetişmişdir. Sadə zəhmətdən başlayan yorulmaz işgüzarlığı və bacarığı sayəsində daim ucalaraq bir sıra məsul  vəzifələrdə fəaliyyətini uğurla davam etdirmiş, ən əsası isə xalqımız tərəfindən sevilərək böyük hörmət və nüfuz sahibi olmuşdur. Keçmiş SSRİ-nin idman ustası, ümumittifaq və beynəlxalq dərəcəli hakim, Azərbaycan Respublikasının əməkdar məşqçisi olan Cavanşir Qurbanov idman sahəsində səmərəli fəaliyyətinə görə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna və bir sıra digər yüksək təltiflərə layiq görülmüşdür.

Cavanşir Qurbanov Yasamal Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik bir ağsaqqal kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı, dəyərli xidmətləri ilə də cəmiyyətimizin inkişafında, gənclərimizin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir.

Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Azərbaycan ictimaiyyətinə, Qurbanovlar ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Müdrik ağsaqqal, dəyərli ziyalı Cavanşir Qurbanovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

 

Dərin hüznlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə

Heyətinin üzvləri adından Şuranın sədri,

millət vəkili, professor                                                                                    Eldar QULİYEV

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.