Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Azərbaycandan Türkiyəyə uçan hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma başsağlığı verib. Başsağlığı mətnində deyilir:
“Hörmətli Binəli Yıldırım!
Azərbaycandan Türkiyəyə uçan hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin şəhid olması barədə xəbər hər bir azərbaycanlı kimi, biz ağsaqqalları da çox sarsıtdı. Bu, hər iki xalqlın kədəridir. Bu faciə ilə bağlı türk qardaşlarımıza səbr arzu edərək, acılarını ürəkdən bölüşürük.
Hamımızı sarsıdan bu faciə ilə əlaqədar Sizə, şəhid hərbçilərin ailələrinə və yaxınlarına, bütün qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından dərin hüznlə başsağlığı verir və səbr diləyirəm.
Allah rəhmət eləsin!
Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV”