Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun 61 yaşı tamam olub.
Həyat və fəaliyyətinin hər bir səhifəsi Vətənə, xalqa, dövlətə sədaqət və xidmət nümunələri ilə zəngin olan, alicənab şəxsiyyət və əsl ziyalı adının məsuliyyətini çiyinlərində şərəflə daşıyan Bayram Yusifov uzun illərdir Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini vəzifəsini uğurla həyata keçirir. Fədakar əməyi, intellektual səviyyəsi, yüksək insani keyfiyyətləri, işgüzarlığı və prinsipiallığı ilə hər kəsin etimadını doğrultmaqla xalqımıza və dövlətimizə böyük xidmətlər göstərir. Ölkəmizin qərb bölgəsi üzrə Azərbaycan Ağsaqqallar Şurasının kuratoru olaraq təhkim olunduğu şəhər və rayonlara mütəmadi səfərlər edir, əhəmiyyətli görüş və tədbirlər keçirir. Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursunun vətəndaşlarımız arasında geniş təbliğ edilməsi, əhalinin bütün təbəqələrinin dövlət başçısının ətrafında daha sıx birləşməsi, gənclərimizin xalqa, dövlətə bağlılıq, milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Doğma Azərbaycanımızın tərəqqisi, təntənəsi uğrunda yorulmadan mübarizə aparan vətənpərvər şəxsiyyət Bayram Yusifovun fədakar əməyi Azərbaycan Ağsaqqallar Şurası tərəfindən “Fəxri Ağsaqqal” döş nişanı ilə və bir sıra digər təltiflərlə yüksək dəyərləndirilmişdir. Lakin onun ən böyük mükafatı şərəfli ömür yolu, Vətənə, millətə bağlılığı, səmərəli ictimai fəaliyyəti və xeyixah əməlləri ilə yüksək mənəviyyata malik bir şəxsiyyət kimi cəmiyyətdə qazandığı dərin nüfuz və etimad, xalqımızın məhəbbətidir.
Dövlətini sevən, Azərbaycanın çiçəklənməsi üçün əlindən gələni əsirgəməyən, ləyaqətli, nəcib və savab əməlləri ilə ucalan vətənpərvər ziyalı, dəyərli ictimai xadim Bayram Yusifovu ölkəmizin daha da inkişafı və firavan gələcəyi naminə tükənməz enerji və sevgi ilə sərf etdiyi həyatının 61-ci İldönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona uzun və sağlam ömür, ailə səadəti, səmərəli və əzmkar fəaliyyətində davamlı uğurlar arzulayırıq!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
İdarə Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV