Xəbərlər

Biləsuvar Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

Dekabr ayının 8-də Biləsuvar Rayon Ağsaqqallar Şurasının növbədənkənar konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, Şuranın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, Biləsuvar Rayon Ağsaqqallar Şurasının üzvləri, o cümlədən rayon əhalisinin digər nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Konfransda torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin və Biləsuvar Rayon Ağsaqqallar Şurasının mərhum sədri Əli Babayevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfrans iştirakçılarını salamlayan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, cəmiyyətimizdə xüsusi yeri və hörməti olan ağsaqqallarımızın tövsiyə və məsləhətlərinə hər zaman ehtiyac vardır. İcra başçısı bu gün də gənclərin dövlətə, xalqa sadiq, vətənə bağlı, zərərli, yad təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmaları işində  ağsaqqallarımızın yorulmadan fəaliyyət göstərmələrini xüsusi qeyd edib.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb. Sonra natiq ağsaqqallıq hərakatının tarixindən, ulu öndər Heydər Əliyevin ağsaqqallara yüksək qiymət verərək onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmasından bəhs edib. Vurğulayıb ki, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu nəcib ənənəni davam etdirir, ağsaqqallara dövlətimiz tərəfindən yüksək qayğı və diqqət göstərilir. O, həmçinin ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyindən söhbət açıb. Vahid Novruzov son zamanlar Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində ciddi canlanmanın olduğunu da tədbir iştirkaçılarının diqqətinə çatdıraraq, Biləsuvar Rayon Ağsaqqallar Şurasına gələcək işlərində uğurlar arzulayıb.

Növbədənkənar konfransda Akif Naib oğlu Kazımovun Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədrliyinə namizədliyi irəli sürülüb və o, səsvermə yolu ilə təşkilatın yeni sədri seçilib.

Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri seçilmiş Akif Kazımov ona göstərilən etimada görə konfrans iştirakçılarına minnətdarlığını ifadə edərək, bu şərəfli və məsuliyyətli işin öhdəsindən gəlmək üçün rayonun ziyalıları, ağsaqqallları ilə birgə bütün imkanlarını səfərbər edəcəyini bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.