Biləsuvarda Rayon Ağsaqqallar Şurasının üzvləri görkəmli oftolmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Mədəniyyət idarəsinin rəis müavini Emin Mustafayev, Biləsuvar Mərkəzi rayon Xəstəxanası Publik hüquqi şəxsin direktoru Asif Əhmədov, ağsaqqallar, ziyalılar, tibb işçiləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli qeyd edib ki, Zərifə Əliyeva XX əsr Azərbaycan tibb elminə əvəzsiz töhfələr verən şəxsiyyətlərdən biridir. Onun həyatı elmi nailiyyətlər, ailə dəyərləri və xalqına göstərdiyi xidmətlərlə dolu bir ömrün parlaq səhifəsidir. Zərifə xanım zəngin elmi fəaliyyəti, səmimiliyi, vətəndaşlıq mövqeyi ilə yanaşı, həm də müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Onun hər kəs üçün örnək olan mənəvi keyfiyyətləri bu gün də ehtiramla xatırlanır.
Tədbirdə başqa natiqlərlə yanaşı, Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov da çıxış edərək qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, eləcə də zəngin elmi fəaliyyəti ilə dünya tibb elminə dəyərli töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın mənalı ömür yolundan danışıb. Vurğulayıb ki, Zərifə xanımın həyatı şəfqət, fədakarlıq və vicdan məktəbidir. Onun ömrünün hər səhifəsi, dəyərli fəaliyyətinin hər məqamı cəmiyyətimiz, xüsusilə də çətin və şərəfli elm yolunu seçən gənclərimiz üçün örnəkdir.
Digər çıxışçılar da akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti, onun tibb sahəsindəki xidmətləri haqqında ətraflı məlumat veriblər. Qeyd ediblər ki, sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verməklə yanaşı, 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olub. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Tədbir Zərifə Əliyevanın ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarxın nümayişi və bədii hissə ilə davam etdirilib.









