Bu fikri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şəmkirdə keçirilən tədbir zamanı səsləndirib.
Tədbirdən öncə Bayram Yusifov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Respublika Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev və rayon ağsaqqalları ulu öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsini və “Şəhidlər Memorial Abidə Kompleksi”ni ziyarət edərək önünə gül dəstələri qoyublar.
Sonra Azərbaycan Ağsaqqallar Şurasının üzvləri, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri Şəmkir rayonunun 1 saylı Düyərli kənd tam orta məktəbində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbirdə iştirak ediblər.
Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov iclas iştirakçılarını salamlayaraq, Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli fəaliyyətindən bəhs edib. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək nailiyyətlərlə davam etdirərək ölkəmizin hərtərəfli inkişafını təmin edir. Bilal Məmmədov bu gün cəmiyyətdə mövcud olan problemlərə, xüsusilə narkomaniyanın artması məsələsinə də toxunaraq, belə halların qarşısının alınması üçün gənclərin maarifləndirilməsinin vacibliyini qeyd edib.
Sonra Şəmkir rayonunun 1 saylı Düyərli kənd tam orta məktəbinin müəllimləri, şagirdləri və digər natiqlər öz çıxışlarında ulu öndər Heydər Əliyevin gənclərə və gəncliyə olan etimadından danışıblar. Qeyd ediblər ki, bu gün ölkəmizdə əsası Ümummilli Liderimiz tərəfindən qoyulan gənclər siyasəti yeni mərhələsini yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gənclərin inkişafı, vətənpərvərlik tərbiyəsi, təhsili, cəmiyyətə inteqrasiyası istiqamətində çox böyük işlər görülməkdədir ki, bu da Azərbaycanda gənclər siyasətinin prioritet məsələlərdən olduğunun sübutudur.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, regionun kuratoru Bayram Yusifov tədbir iştirakçılarını Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından salamlayaraq, ulu öndər Heydər Əliyevin mənalı həyat yolundan, gənclərimizə örnək olan zəngin və çoxşaxəli irsindən söhbət açıb. Azərbaycanın hərtərəfli inkişafının dahi rəhbərin hakimiyyətə gəlişi ilə başladığını qeyd edən natiq “biz xoşbəxtik ki, ümummilli liderimiz Heydər Əliyevlə eyni dövrdə yaşamışıq”- deyə qürurla vurğulayıb.
Böyük şəxsiyyət, milli dövlət quruculuğumuzun memarı Heydər Əliyevin millət və Vətən sevgisindən qaynaqlanan fəaliyyətindən bəhs edən Bayram Yusifov bildirib ki, gənc nəsil, o cümlədən bütün şagird və tələbələr Ulu Öndərin işıqlı yolu ilə getməli, vətənpərvər ruhda böyüməli, zərərli vərdişlərdən uzaq olmalı, təhsilə xüsusi önəm verməlidirlər. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıdan gələn 2023-cü ilin “Heydər Əliyev ili” elan edildiyini tədbir iştirakçılarına xatırladarq vurğulayıb ki, Respublika Ağsaqqallar Şurası bununla əlaqədar Tədbirlər planı hazırlayıb və növbəti ildə də bu sahədə bir çox işlərin həyata keçirilməsi nəzərdə tutulur.
Tədbirin sonunda Bayram Yusifov tərəfindən bu günlərdə şərəfli ömrünün 80-ci ildönümünü qeyd edən Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədova Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin yubilyara ünvanladığı təbrik təqdim edilib və ona portret rəsmi hədiyyə olunub.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov səfər çərçivəsində yerli təşkilatın iş otaqları, yaradılan şərait və göstərdikləri fəaliyyətlə də tanış olub, öz məsləhət və tövsiyələrini verib.