Xəbərlər

Böyüksüz olmasın bircə ocaq da…

1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Əməkdar müəllim, hüquq elmləri doktoru, professor İbrahim Quliyev “Xalq qəzeti”nə verdiyi müsahibədə ahıllara münasibət barədə fikirlərini bölüşüb. Müsahibəni diqqətinizə təqdim edirik.

Ahıllar cəmiyyətin sərvətidir. Onlar daim diqqət və qayğı ilə əhatə olunmalıdır. Hər il 1 oktyabr dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir. 1990-cı ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsis edilən bu günün əsas məqsədi yaşlı nəslin cəmiyyətdəki rolunu vurğulamaq, onların hüquqlarını təmin etmək və sosial rifahını yaxşılaşdırmaqdır. Ahılların zəngin təcrübəsi, biliyi və dünyagörüşü cəmiyyətin inkişafında əvəzsiz rol oynayır.

Beynəlxalq statistika göstərir ki, dünya əhalisinin qocalma tempi sürətlənir. Hazırda 60 yaşdan yuxarı insanların sayı 1 milyarddan çoxdur və BMT-nin proqnozlarına görə, 2050-ci ildə bu göstərici 2 milyarda yaxınlaşacaq. Qlobal miqyasda pensiya təminatı, tibbi və sosial xidmətlər sistemli şəkildə inkişaf etdirilir. Avropada hər dörd nəfərdən birinin yaşı 65-dən yuxarıdır. Yaponiyada isə bu göstərici əhalinin 28 faizini təşkil etməklə dünyada ən yüksək həddə çatır. Azərbaycanda da yaşlı nəslin sosial müdafiəsi dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət ahılların rifahını yaxşılaşdırmaq, onların sağlamlığını, ictimai həyatda fəal iştirakını təmin etmək məqsədi daşıyır.

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Əməkdar müəllim, hüquq elmləri doktoru, professor İbrahim Quliyev ahıllara münasibət barədə fikirlərini bölüşüb:

– Bütün dövrlərdə ahıllar cəmiyyətin diqqət mərkəzində olub. Azərbaycanda bu, xalqımızın adət-ənənələrindən və milli mentalitetindən qaynaqlanır. Hər zaman ağsaqqallara böyük hörmət və ehtiram göstərilib, bu gün də həmin ənənə davam edir. Hesab edirəm ki, xüsusilə gənclərin ahıllara diqqəti və ehtiramı daha da güclənməlidir.

Ümummilli Lider Heydər Əliyev həmişə ahılların sosial müdafiəsini dövlət siyasətinin əsas istiqaməti kimi müəyyən edib. Bu gün də onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. Pensiyaların artırılması, sosial müdafiə tədbirləri və qanunvericilik bazasının möhkəmləndirilməsi bu istiqamətdə atılan mühüm addımlardandır. Əlbəttə, aidiyyəti qurumlar, xüsusilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahəni daim diqqətdə saxlamalıdır.

Ölkəmizdə mövcud ahıllar evlərində müəyyən çatışmazlıqlar olsa da, ümumilikdə yaxşı şərait yaradılıb. Lakin təkcə sosial qayğı kifayət deyil. Ahılların cəmiyyətə inteqrasiyası, onların zəngin həyat təcrübəsindən gənc nəslin formalaşmasında istifadə olunması vacibdir.

Regionlarda da ahıllar evlərinin açılması çox önəmlidir. Çünki bazar münasibətləri şəraitində bəzən ailə dəyərlərinə biganə yanaşılır, övladlar valideynlərinə qarşı laqeydlik göstərirlər. Belə şəraitdə regionlarda ahıllara dövlət dəstəyi daha da gücləndirilməlidir.

Ahıllara göstərilən xidmətlərin keyfiyyətini artırmaq üçün yeni yanaşmalara ehtiyac var. Bu zaman beynəlxalq təcrübədən istifadə də faydalı ola bilər. BMT-nin təsis etdiyi Beynəlxalq Ahıllar Günü də məhz diqqəti bu sahəyə yönəltmək məqsədi daşıyır. Azərbaycan həmin proqramlara qoşulub və üzərinə düşən öhdəlikləri daim yerinə yetirib.

Fikrimcə, təhsil müəssisələrində ahılların keçdiyi həyat yolundan, onların təcrübəsindən gənclərin formalaşması üçün geniş istifadə olunmalıdır. Bu, gələcək nəsillərin sağlam yetişməsi üçün çox vacibdir. Ahıllara diqqət və qayğı həm mənəvi borc, həm də sosial məsuliyyətdir. Müdriklərimiz demiş: “Böyüksüz olmasın bircə ocaq da”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.