Xəbərlər

Cəbrayıl Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

İyul ayının 16-da Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri, Nəzarət-Təftiş Komissiyasının üzvü Vaqif Məhərrəmov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları, ziyalıları, icra hakimiyyəti aparatın əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və digər ictimaiyyət nümayəndələri iştrak ediblər.
Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq hazırda işğaldan azad edilmiş torpaqlarımızda, eləcə də Cəbrayılda gedən genişmiqyaslı bərpa-quruculuq işlərindən və məskunlaşma prosesindən ətraflı bəhs edib. Həmçinin ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Xüsusilə gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi həyatında ağsaqqalların rolu artıb və cəmiyyətimizin bütün sahələrində fəallıqları təmin edilib. Bu diqqət və qayğı hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışının sonunda Kamal Həsənov konfransın işinə uğurlar arzulayıb.
Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov  hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, erməni işğalı nəticəsində öz doğma ev-eşiklərini tərk edərək ölkəmizin müxtəlif bölgələrində və hazırda mərhələli şəkildə Cəbrayılda məskunlaşan ağsaqqallar öz ictimai-siyasi fəaliyyətlərini hər zaman aktiv şəkildə həyata keçiriblər. Ağsaqqallar bu gün də  işğaldan azad olunmuş, gündən-günə abadlaşan, gözəlləşən Cəbrayıl rayonunun ictimiai-mədəni həyatında yaxından iştirak edərək  bir sıra əhəmiyyətli işlərin yerinə yetirilməsinə dəstək olur, həlli vacib problemlərin aradan qaldırılması ilə bağlı təşəbbüslərlə çıxış edirlər. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevlə və digər səlahiyyətli şəxslərlə mütəmadi olaraq görüşlər keçirərək öz səmərəli təkliflərini irəli sürürlər.  Habelə natiq vurğulayıb ki, Şura Rayon İcra Hakimiyyəti və YAP Cəbrayıl rayon təşkilatı ilə sıx əməkdaşlıq şəraitində birgə fəaliyyət göstərir.
Hesabat məruzəsi ətrafında çıxış edən Rayon Ağsaqqallar Şurasının üzvləri – Musa Quliyev, Rasim Fərzəliyev, Cəbrayıl DAİM-in direktoru Şahin Şirinov, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, yazıçı, şair və publisist Əlirza Xələfli və başqaları Şuranın fəaliyyətini yüksək qiymətləndiriblər, ölkəmizdə milli-mənəvi dəyərlərin, o cümlədən ağsaqqallıq ənənələrinin inkişaf tarixinin başlanğıcının məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, ağsaqqalların cəmiyyətdaxili sabitliyin əsas qoruyucusu kimi çıxış etdiyini, insanların nizam-intizama dəvət edilməsində əsas söz sahibi kimi ağsaqqal öyüd-nəsihətlərinə böyük hörmətlə yanaşıldığını diqqətə çatdırıblar.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq rayon təşkilatının hesabatını müsbət dəyərləndirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün torpaqlarımızda olduğu kimi, Cəbrayılda da gedən yüksək quruculuq və məskunlaşma prosesi fonunda ağsaqqalların səmərəli fəaliyyətini alqışlayıb. Növbəti tədbirlərin Azərbaycanın o gözəl guşəsində keçirilməsini arzulayıb. Natiq, həmçinin, vurğulayıb ki, ağsaqqalların hər şeyə rəğmən göstərdikləri bu əzmkar fəaliyyət kütləvi informasiya vasitələrində daha çox işıqlandırılmalı, gənclər üçün örnək olmalıdır. Çıxışında ağsaqqallıq institutunun qədim tarixindən və keçdiyi yoldan bəhs edərək ağsaqqal sözünün, ağsaqqal xeyir-duasının xalqımız üçün hər zaman böyük əhəmiyyət daşıdığını qeyd edən Bayram Yusifov bildirib ki, sıralarında 35 mindən çox üzvü –  tanınmış şəxsiyyətləri, o cümlədən görkəmli elm, mədəniyyət və incəsənət adamlarını, nüfuzlu ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası  hazırda millət vəkili, professor Eldar Quliyevin sədrliyi ilə səmərəli  fəaliyyətini uğurla davam etdirir. Natiq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü ilə əlamətdar olan 2025-ci ildə – “Konstitusiya və Suverenlik İli”ndə ağsaqqalların təşkilatçılığı və iştirakı ilə keçirilən görüşlərdən, tədbirlərdən, regional konfranslardan və bu istiqamətdə görüləcək işlərdən ətraflı danışıb, bu mühüm tarixi proseslərin təbliği, təşviqi, xüsusilə gənc nəslə çatdırılması ilə bağlı ağsaqqalların üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib. Bayram Yusifov Azərbaycan xalqının yüksək dəyərlərə malik möhtəşəm  bir xalq olduğunu vurğulayaraq bu xalqı təmsil edən, eləcə də insana xas bütün müsbət keyfiyyətləri özündə daşıyan, bizim üçün əsl nemət sayılan ağsaqqallara Allahdan uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından, eləcə də İdarə Heyətinin üzvləri adından Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri, Nəzarət-Təftiş Komissiyasının üzvü Vaqif Məhərrəmovu qarşıdan gələn 75 illik yubileyi münasibətilə təbrik edib. Onun ölkəmizin ictimai-siyasi, mədəni həyatında və Şuranın işində səmərəli fəaliyyəti ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 75 illik yubileyi münasibətilə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edildiyini vurğulayaraq  döş nişanını yubilyara təqdim edib.
Konfransın sonunda Vaqif Məhərrəmov və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə, Şuranın sədr müavini Bayram Yusofova və İdarə Heyətinin üzvlərinə dərin təşəkkürlərini bildiriblər, bu təltifi bütün Cəbrayıl rayonunun ağsaqqallarına göstərilən yüksək diqqət kimi dəyərləndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.