Xəbərlər

Cəlilabad Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Ataların yolu – oğulların yoludur” adlı Zəfər Günü tədbiri keçirilib

Cəlilabad şəhərində Rayon Ağsaqqallar Şurasının və Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Zəfər Günü”nə həsr olunmuş “Bilsin Ana torpaq, eşitsin Vətən! Müsəlləh əsgərəm mən də bu gündən!” devizi altında “Ataların yolu – oğulların yoludur” mövzusunda tədbir keçirilib.

Tədbirdə ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Toplantıda ilk olaraq Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri giriş sözü ilə Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov açaraq qarşıdan gələn 8 noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını və rayon ictimaiyyətini təbrik edib. Vurğulayıb ki, Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbənin təcəssümü olan Zəfər Gününün beşinci ildönümünü iftixar hissi ilə qeyd edirik. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi  ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Həmçinin əbədiyaşar şəhidlərimizin və igid qazilərimizin misilsiz şücaətlərindən bəhs edən natiq bügünkü gənc nəsil haqqında danışaraq bildirib ki, ataların şanlı yolu oğullar üçün əbədi örnəkdir, Azərbaycan xalqı öz qəhrəman övladları ilə hər zaman qürur duyur.

Daha sonra toplantıda çıxış edən digər natiqlər də Zəfər Gününün xalqımızın tarixində böyük bir qürur mənbəyi olduğunu vurğulayıblar. Qazilərimizin qəhrəmanlıq hekayələri, ağsaqqalların xatirələri və gənclərin vətənpərvərlik ruhunda çıxışları tədbirə xüsusi mənəvi rəng qatıb. Qeyd olunub ki, şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Sonda tədbir iştirakçıları Vətən müharibəsi qəhrəmanı Rəşad Abdullayevin büstünün önünə tər çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.