Təbriklər

CAVANŞİR QOCAYEV – 75

İyul ayının 1-də Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri, dəyərli ziyalı, müdrik ağsaqqal Cavanşir Qocayevin 75 yaşı tamam olur.

Mənalı ömür yolu, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə tanınan, prinsipiallığı,  idarəçilik keyfiyyətləri, ictimai fəaliyyət əzmi ilə fərqlənən Cavanşir Qocayev əsl Azərbaycan ağsaqqalı üçün səciyyəvi olan xüsusiyyətləri xarakterində cəmləşdirmişdir. İstər müxtəlif rəhbər vəzifələrdə çalışan vətənpərvər dövlət qulluqçusu, istərsə də müdrik bir ağsaqqal, dəyərli bir ziyalı kimi öz çoxşaxəli, gərgin və səmərəli fəaliyyəti ilə hər zaman dövlətçilik ideallarına sadiqlik nümayiş etdirməsi, insanpərvərliyi onun zəngin daxili aləmindən qaynaqlanır. Cavanşir Qocayevin sədrliyi ilə hazırda Daşkəsən Rayon Ağsaqqallar Şurasının üzvləri xalqımızın milli mənafeyinə xidmət edən fəaliyyətləri ilə ictimai-siyasi və mədəni proseslərdə yaxından iştirak edir, cəmiyyətin, xüsusilə gənc nəslin maariflənməsi, onların zərərli vərdişlərdən uzaq, mənəvi və fiziki cəhətdən sağlam və vətənpərvərlik ruhunda yetişməsi üçün əhəmiyyətli işlər həyata keçirirlər. Poeziyamızda özünəməxsus dəsti-xəttə malik şair-publisist kimi seçilən və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Cavanşir müəllimin vətənpərvərlik, azərbaycançılıq, türkçülük ruhunda şeirləri oxucuları arasında böyük rəğbət qazanmış və sözlərinə musiqilər bəstələnmişdir.

Müdrikliyi, istedadı və biliyi, gərgin əməyi, əzmi və  çalışqanlığı ilə daim Vətənə, xalqa xidmət edən Cavanşir Qocayevin həyata keçirdiyi uğurlu fəaliyyəti və fədakar əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, müxtəlif  Fəxri fərmanlar və digər mükafatlarla təltif olunmuşdur.

Ölkəmizin tərəqqisinə həsr olunmuş şərəfli ömrünün 75-ci ildönümünə qədəm qoyan Daşkəsən Rayon  Ağsaqqallar Şurasının sədri, el ağsaqqalı, vətənpərvər ziyalı Cavanşir Qocayevi əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, ona Allahdan uzun ömür, möhkəm cansağlığı, yeni-yeni uğurlar, xoşbəxtlik və əmin-amanlıq arzulayırıq!

 

Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili,
professor                                                                                                                                                                        Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.