Xəbərlər, Təbriklər

ELDAR İBRAHİMOV – 79

Mart ayının 12-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin İntizam Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Eldar İbrahimovun 79 yaşı tamam olur.

Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərən, xalqına və dövlətinə xidmət duyğusunu hər şeydən üstün tutan müdrik ağsaqqal, dəyərli ziyalı, vətənpərvər alim, yüksək mənəviyyata malik etibarlı dost Eldar İbrahimov yüksək intellekti, mədəniyyəti və nikbinliyi ilə çoxları üçün örnək sayıla bilən nüfuzlu şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin yaxın və sadiq tərəfdarı olaraq Ümummilli Liderin rəhbərliyi altında Azərbaycanın rifahı naminə bilik və bacarığını əsirgəməyən Eldar müəllim möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini hər zaman qətiyyətlə dəstəkləmiş, uzun müddət Milli Məclisin Aqrar Siyasət Komitəsinin, hazırda isə İntizam Komissiyasının sədri kimi səmərəli deputatlıq fəaliyyəti ilə ictimai-siyasi və sosial-iqtisadi proseslərdə əhəmiyyətli rol oynayaraq Vətənimizə dəyərli xidmətlər göstərmişdir. Onun fədakar əməyi, həyata keçirdiyi əhəmiyyətli işlər ali dövlət təltifləri – “Şöhrət” və “Şərəf” ordenləri ilə yüksək dəyərləndirilmişdir.
Hazırda Eldar İbrahimov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi də xalqımıza, dövlətimizə böyük xidmətlər göstərir, cəmiyyətimizin inkişafında, gənclərimizin maariflənməsində, onların Vətənə məhəbbət, dövlətçiliyimizə sədaqət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Əminik ki, o, bundan sonra da doğma Azərbaycanımızın inkişafı naminə əlindən gələni əsirgəməyəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək Eldar İbrahimovu – ömrünün kamillik zirvəsində olan müdrik ağsaqqalı, görkəmli ictimai-siyasi xadimi, dəyərli alimi, gözəl insanı Ad Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, uca Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində davamlı uğurlar arzulayırıq!

Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor                                       Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.