İyul ayının 26-da Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı və Hesablayıcı Komissiyanın sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin 74 yaşı tamam olur.
Eldar Quliyevin dəyərli həyat yolu, uzunmüddətli və çoxşaxəli fəaliyyəti Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının yüksəldilməsi və cəmiyyətimizin maarifləndirilməsi naminə göstərilən fədakar əməklə zəngindir. İqtisadiyyat sahəsində qazandığı yüksək elmi nəticələr, professor və rektor kimi yetişdirdiyi minlərlə tələbə, gənc kadr və ölkənin iqtisadi sistemində apardığı məqsədyönlü işlər, eyni zamanda Azərbaycanda və Avropada nəşr olunan dəyərli elmi əsərləri Eldar Quliyevin adını müasir Azərbaycanın tanınmış ziyalıları sırasına yazmışdır. Azərbaycan Respublikasının Milli Məclisində uzun illər ərzində qanunvericilik prosesində fəal iştirakı, Hesablayıcı Komissiyanın sədri və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi səmərəli fəaliyyəti, məsuliyyətli və prinsipial mövqeyi, eləcə də daim dövlət maraqlarına üstünlük verməyi ona ictimaiyyət arasında dərin etimad qazandırmışdır.
Eldar Quliyevin fəaliyyəti hər zaman Ulu Öndər Heydər Əliyev ideyalarına dərin sədaqət, milli maraqlara bağlılıq və dövlətçilik prinsiplərinə əsaslanmışdır. Bu gün də o, Ümummilli Liderimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursunu qətiyyətlə dəstəkləyir, ölkəmizin inkişafı naminə yorulmadan çalışır.
80 şəhər və rayon təşkilatında 35 mindən çox üzvü olan Azərbaycan Ağsaqqallar Şurasına rəhbərlik etdiyi dövrdə bu qurumun nüfuzunun yüksəlməsi, ölkə həyatında ağsaqqal sözünün çəkisinin daha da artması Eldar Quliyevin müdrik və uzaqgörən idarəçilik qabiliyyətinizin nəticəsidir. Hazırda Şura tərəfindən həyata keçirilən çoxsaylı təşəbbüslər və layihələr, cəmiyyət həyatında müxtəlif məsələlərin həllinə verilən dəyərli töhfələr, yeniyetmə və gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsi və maariflənməsi ölkəmizin bütün yaş təbəqələrinin diqqətini cəlb edir, ictimai münasibətlərin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Respublikamızın ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurası Eldar Quliyevin başçılığı ilə öz məhsuldar fəaliyyətini beynəlxalq səviyyədə, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla davam etdirir.
Bir sıra xarici ölkələrin Elmlər Akademiyalarının həqiqi üzvü və fəxri doktoru seçilən, ali elmi müəssisələrin orden və medalları, eləcə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyanın “Şöhrət” medalı, Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Böyük Qızıl Ulduz” medalı ilə təltif edilən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin səmərəli ictimai-siyasi fəaliyyəti dövlətimiz tərəfindən “Şöhrət”, “Şərəf” ordenləri, Azərbaycan Respublikasının “Parlament” medalı və digər ali mükafatlarla dəyərləndirilmişdir.
Belə bir əlamətdar gündə xoş fürsətdən istifadə edərək Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevi – görkəmli ictimai-siyasi xadimi, nüfuzlu millət vəkilini, müdrik ağsaqqalı, dərin biliyə və geniş təcrübəyə malik alimi, dövlətçiliyimizə daim sədaqət göstərmiş ziyalını şərəfli ömrünün 74-cü ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik, bitib-tükənməyən güc-qüvvə və yeni-yeni nailiyyətlər arzulayırıq!
Azərbaycan Ağsaqqallar Şurasının
çoxsaylı üzvləri adından Şuranın İdarə Heyəti