Azərbaycanla Özbəkistan arasında əlaqələrin yeni müstəviyə yüksəlməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında inteqrasiya və qarşılıqlı münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Sözsüz ki, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində formalaşan sarsılmaz bağlar da bu müstəvidə mühüm önəm kəsb edir. Artıq Azərbaycan-Özbəkistan arasındakı münasibətlər yeni mərhələyə yüksəlib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana növbəti səfəri bu kontekstdə önəmli və təsirli amil kimi yüksək qiymətləndirilir.
Bu sözləri Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iki qardaş ölkə arasında münasibətlərin uğurla inkişafı ilə bağlı mühüm addımlar atır: “Xalqlarımız arasındakı tarixi sarsılmaz bağlar üzərində formalaşan bu əlaqələr münasibətlərin daha da inkişafına müsbət təsir edir. Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin 30-cu ildönümündə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri bu kontekstdə xüsusi əhəmiyyətə mlaikdir. Bu iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Prezident İlham Əliyevlə Şavkat Mirziyoyevin təkbətək görüşü, iki iki ölkə arasında imzalanan vacib sənədlərin tarixi əhəmiyyəti olduqca böyükdür. Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin mətbuata bəyanatlarla birgə çıxışında verdiyi mesajlar birliyin, bərabərliyin və bu istiqamətdə atılan birgə addımların bariz nümunəsi hesab edilir”.

Deputat bildirib ki, ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan xalqlar arasındakı əlaqələr bu gün dövlətlərin birgə addımlamasını təşviq edir: “Azərbaycan və Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra da tarixi dostluq, qardaşlıq münasibətləri üzərində münasibətlərini formalaşdırmağa başlayıb. Məhz bunun nəticəsidir ki, 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda səfirlikləri açılıb. Bu gün isə Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq münasibətləri özünün ən yüksək dövrünü yaşayır. Sözsüz ki, Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri təsirli rola malikdir”.

Eldar Quliyev hesab edir ki, bundan sonra da Azərbaycanla Özbəkistan arasında əlaqələr bütün sahələr üzrə uğurla inkişaf edəcək: “Bakıda “Özbəkistan” parkının təməlinin qoyulmasının da tarixi hadisə olduğunu söyləyib: “Özbəkistan” parkı böyükmiqyaslı mədəni-rekreasiya layihəsidir. Burada Özbəkistanın, o cümlədən Daşkənd, Səmərqənd, Buxara, Xivə və Kokand regionlarının zəngin tarixini, memarlığını və mədəniyyətini əks etdirəcək nadir mühit yaradılacaq. Sahəsi 5 hektar olacaq park Özbəkistanın xəritəsi formasında salınacaq. Burada muzey, kinoteatr, amfiteatr, qüllə, Özbəkistanın milli mətbəx nümunələrinin təqdim olunacağı restoran və kafelər, ticarət zonası, suvenir və hədiyyələr mağazaları, zoopark, mehmanxana da fəaliyyət göstərəcək. Parkın əsas obyektləri Buxara, Səmərqənd və Xivədəki memarlıq nümunələri olacaq. Paytaxtdakı Ağ Şəhərdə salınacaq bu park Azərbaycan və Özbəkistan dövlətləri və xalqları arasında tarixən mövcud olan qardaşlığın, dostluğun rəmzidir”.