Azərbaycan cəmiyyətində elmin, mənəviyyatın və yüksək ziyalılıq ənənələrinin daşıyıcıları olan şəxsiyyətlər hər zaman sevilir, onların həyat və fəaliyyətləri gələcək nəsillər üçün örnəyə çevrilir. Bu baxımdan dünya şöhrətli onkoloq, milli səhiyyə xadimi, akademik Cəmil Əliyev müasir Azərbaycan tibb elminin ən parlaq simalarından biri kimi dəyərli bir nümunədir. Bu günlərdə anadan olmasının 80 illiyi tamam olan akademik Cəmil Əliyevin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ölkəmizdə tibb elminin və səhiyyənin inkişafında göstərdiyi misilsiz xidmətlər yüksək qiymətləndirilərək “İstiqlal” ordeni ilə təltif olunması bütün cəmiyyətimiz kimi bizi – Azərbaycan Ağsaqqallar Şurası üzvlərini də son dərəcə sevindirdi və qürurlandırdı. Bu ali mükafat əslində bir ömrün elmə, insan sağlamlığına və Vətənə xidmət yolunda sərf olunmasının ən yüksək şəkildə dəyərləndirilməsidir.
Akademik Cəmil Əliyev Azərbaycanda müasir klinik onkologiyanın formalaşmasında, xüsusilə süd vəzi xərçənginin diaqnostikası və müalicəsi sahəsində fundamental məktəbin banilərindən biri kimi tarixə düşmüşdür. Onun yaratdığı elmi ənənələr bu gün də uğurla davam etdirilir. O, uzun illər ərzində formalaşdırdığı Azərbaycan onkologiya məktəbinə rəhbərlik edərək bu sahədə yeni nəsil alimlərin yetişməsinə mühüm töhfələr vermişdir. 600-dən artıq elmi məqalənin, 10 ixtiranın, 18 monoqrafiyanın və dərs vəsaitinin müəllifi olan akademikin zəngin elmi irsi təkcə ölkəmizdə deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Onun elmi rəhbərliyi ilə 8 tibb elmləri doktoru və 48 fəlsəfə doktoru hazırlanmışdır ki, bu da bütöv bir elmi məktəbin formalaşmasının bariz göstəricisidir.
Cəmil Əliyev yalnız böyük alim deyil, həm də müdrik ağsaqqal, qayğıkeş müəllim kimi gənclərin maariflənməsi, onların elmə marağının artırılması istiqamətində yorulmadan fəaliyyət göstərir. Onun həyat fəlsəfəsi bilik, zəhmət və vətənpərvərlik üzərində qurulmuşdur ki, bu da onu cəmiyyətimiz üçün əsl nümunəyə çevirir. Bakı şəhərində tanınmış alim və görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində anadan olan Cəmil Əliyev bu köklü və şərəfli nəslin layiqli davamçısı kimi ailə ənənələrinə sadiq qalaraq həm elm, həm də ictimai fəaliyyət sahəsində böyük uğurlar qazanmışdır. Eyni zamanda, o özü də yüksək intellektə və mənəvi zənginliyə malik övladlar yetişdirərək cəmiyyətimizə dəyərli ziyalılar bəxş etmiş xoşbəxt ata və nümunəvi ailə başçısıdır.
İctimai xadim kimi də fəallığı ilə seçilən Cəmil Əliyev Azərbaycanın ən mürəkkəb və taleyüklü dövrlərində əsl ziyalı mövqeyi nümayiş etdirərək dövlətçiliyimizə sədaqətini hər zaman açıq şəkildə ifadə etmişdir. O, daim milli və dövlət maraqlarını üstün tutmuş, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursuna sədaqətlə xidmət etmiş, hazırda isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin tərəqqisinə yönəlmiş siyasətinin yanında qətiyyətlə dayanmışdır. Bu gün də o, ölkəmizin elmi və ictimai-mədəni həyatında yaxından iştirak edir, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə öz töhfəsini verir. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti dəstəkləyərək xalqımızın “dəmir yumruq” ətrafında daha sıx birləşməsi naminə yorulmadan çalışır. Akademik Cəmil Əliyevin çoxşaxəli fəaliyyəti dövlətimiz tərəfindən dəfələrlə yüksək dəyərləndirilmişdir və o, “Şöhrət”, “Şərəf”, I dərəcəli “Vətənə xidmətə görə” və “İstiqlal” ordenləri ilə təltif olunmuşdur. Lakin bütün bu mükafatlarla yanaşı, görkəmli şəxsiyyətin qazandığı ən böyük qiymət xalqımızın ona bəslədiyi dərin hörmət və sevgidir. Bu sevgi bir alimə, bir ziyalıya, bir ağsaqqala verilə biləcək ən ali dəyərdir.
Bu gün ömrünün müdriklik zirvəsində qərar tutan, hər bir fəaliyyəti xalqa xidmət nümunəsi ilə zəngin olan akademik Cəmil Əliyevə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından ən səmimi arzularımızı çatdırırıq. Uca Allahdan xalqımızın bu görkəmli aliminə, müdrik ağsaqqalına uzun ömür, möhkəm cansağlığı, Vətənimizin inkişafı naminə həyata keçirdiyi şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Onun zəngin ömür yolu, yüksək mənəvi dəyərləri və elmi irsi gələcək nəsillər üçün daim örnək olaraq yaşayacaqdır.
Eldar Quliyev
Azərbaycan Ağsaqqallar Şurasının sədri,
Milli Məclisin deputatı, professor