Xəbərlər

Xəzər Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

Oktyabrın 17-də Xəzər Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Xəzər Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Xəzər Rayon Ağsaqqallar Şurasının sədr müavini Balaəli Əliyev, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xəzər Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov konfransı açaraq, Eldar Quliyevi və digər tədbir iştirakçılarını salamlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən inkişaf prosesindən bəhs edərək, ağsaqqalların da rayonun ictimai-mədəni həyatında yaxından iştirak etdiklərini, sosial-iqtisadi tərəqqimizə öz töhfələrini verdiklərini bildirib. Öz növbəsində rayon ağsaqqalları adından onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirib.

Sonra Xəzər Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Təvəkkül Səlimovun təşkilatın gördüyü işlər barədə hesabat məruzəsi dinlənilib. Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən tədbirlərdə rayon ağsaqqallarının yaxından iştirak etdiklərini, öz zəngin bilik və təcrübələrini əsirgəmədiklərini qeyd edən məruzəçi gənclərimizin maarifləndirilməsi ilə əlaqədar   görülən işlərdən, aktual məsələlərlə bağlı keçirilən iclas və toplantılardan, şəhid ailələrinə və qazilərə göstərilən maddi və mənəvi dəstəkdən söz açıb.

Xəzər Rayon Ağsaqqallar Şurasının sədr müavini Balaəli Əliyev isə təşkilatın iş planı barədə məlumat verib. Gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan vəzifələrdən bəhs edib və  işlərini daha səmərəli quracaqlarını bildirib.

Daha sonra çıxış edən Xəzər Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Altay Mansurov və digər natiqlər yaşlı nəslin nümayəndələrinə, həmçinin şəhidlərin ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıblar, ölkəmizin hər bir bölgəsində olduğu kimi, Xəzər rayonunda da bu işə hər zaman yüksək həssaslıqla yanaşıldığını, onlara daim diqqət və qayğı göstərildiyini qeyd ediblər.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Xəzər rayonunun sakinlərini və bütün ağsaqqalları salamlayıb. Ümummilli Liderin həyat və fəaliyyətindən, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsindəki rolundan bəhs edən natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsini xüsusi olaraq vurğulayıb və əlavə edib ki, həmişə olduğu kimi, növbəti il ərzində də ağsaqqallarımız tərəfindən Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsi və təbliğ edilməsi işi geniş şəkildə həyata keçiriləcəkdir. O, həmçinin dövlət başçısı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, onun müvafiq fərman, sərəncam və göstərişlərindən irəli gələn digər öhdəliklərin həyata keçirilməsində ağsaqqalların üzərinə düşən vəzifələrdən də danışıb. Eldar Quliyev tədbir iştirakçılarına Azərbaycan Ağsaqqallar Şurasının son zamanlar həyata keçirdiyi aktiv fəaliyyətdən bəhs edərək beynəlxalq müstəvidə görülən işlərdən də söz açıb.  Təmsil olunduqları Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının türk dünyasının birliyi və həmrəyliyi istiqamətində mühüm addımlar atacağından əmin olduğunu vuğulayıb. Xəzər Rayon Ağsaqallar Şurasının fəaliyyətini qənaətbəxş hesab edərək gələcək işlərində onlara uğurlar arzulayıb. Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev bütün ağsaqqalları 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

 

 

Leave a Reply

Your email address will not be published.