Azərbaycan xalqı tarixən həyatını millətin taleyi ilə bağlayan, onun hər bir nümayəndəsinin, xüsusilə də gənclərin maariflənməsi, cəmiyyət üçün layiqli vətəndaş kimi yetişməsi və parlaq gələcəyi yolunda əzmlə çalışan zəka sahibləri, ziyalıları və ağsaqqalları ilə qürur duymuş, onları qorumuş, özünün milli sərvəti saymışdır. Məhz belə müdrik şəxslərin sayəsində xalqımız inkişaf yolunu düzgün müəyyənləşdirmiş, nurlu sabahına doğru inamla irəliləmiş, insanlar arasında müsbət harmoniya qorunub saxlanılmışdır. Bu cür şəxsiyyətlər cəmiyyətin mütərəqqi inkişafı, maariflənməsi və müsbət dəyərləri əxz etməsi naminə yorulmadan çalışmağı özlərinin başlıca həyat amalı sayaraq, bu yolda yüksək əzmkarlıq göstərmişlər. Bu xüsusiyyətlər həm də onları dəyərli şəxsiyyətlər kimi başqalarından fərqləndirmiş, bütövlükdə, cəmiyyət üçün layiqli örnəyə çevirmişdir.
Mənalı ömür yolu, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə tanınan belə dəyərli şəxsiyyətlərdən biri də Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, hesablayıcı komissiyasının sədri, professor Eldar Quliyevdir. Prinsipiallığı, yüksək idarəçilik keyfiyyətləri, ictimai fəaliyyət əzmi, örnək ola biləcək ictimai-siyasi mövqeyi ilə fərqlənən Eldar müəllim əsl Azərbaycan ağsaqqalı üçün səciyyəvi olan xüsusiyyətləri öz xarakterində cəmləşdirmişdir. İstər Respublika Ağsaqqallar Şurasının sədri, istər Milli Məclisin deputatı, istərsə də bir alim kimi onun çoxşaxəli, gərgin və səmərəli fəaliyyəti ilə dövlətçilik ideallarına sadiqlik nümayiş etdirməsi, insanpərvərliyi zəngin daxili aləmindən qaynaqlanır. Həyatının böyük bir hissəsini ictimai-siyasi və elmi fəaliyyətə həsr etmiş Eldar Quliyevin bu günlərdə 70 yaşı tamam olur. Sinninin bu vədəsinə baxmayaraq, sağlamlığı və gümrahlığı nəticəsində bu gün də respublikamızın ictimai-siyasi həyatinda öz sözünü deyən Eldar Quliyev elimizin dəyərli ağsaqqallarından, ictimai-siyasi və elm xadimlərindən biri kimi təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır. O, zəngin həyatı və geniş diapazonlu fəaliyyəti ilə görkəmli bir şəxsiyyət kimi cəmiyyətimizin inkişafına önəmli töhfələr vermişdir.
Hər bir insan ömrünü yaşanmış illərin sayı ilə deyil, ona məna və məzmun bəxş etmiş əməllərin keyfiyyəti ilə ölçmək daha düzgün olar. Hələ gənc yaşlarında müdrik olmaq, başqalarının qayğısına qalmaq hamıya nəsib olmur. Belə xüsusiyyətlər daxilən saf, zəhmətdən çəkinməyən, vətənpərvər, xalqını, onun maddi-mənəvi dəyərlərini, elmini, incəsənətini, mədəniyyətini sevən və bundan ürəkdən zövq almağı bacaran insanlara məxsus olur. Eldar Quliyev də belə xüsusiyyətlərə malik insandır. Onun ali insani keyfiyyətləri, Vətəni sevməsi, səmimiyyəti, insanlarla münasibəti özünəməxsus tərzdə ifadə olunur.
1951-ci il iyulun 26-da Bakının Sabunçu rayonunda dünyaya göz açan Eldar Allahyar oğlu Quliyevdə hələ uşaqlıqdan məsuliyyət və çalışqanlıq keyfiyyətləri özünü qabarıq göstərməyə başlamışdır. İstedadı, savadı ilə müəllimlərinin diqqətini cəlb edən Eldar fundamental elmlərin incəliklərinə dərindən vaqif olmağa çalışmışdır. Çalışqanlığı və yüksək intizamlılığı onun gələcək uğurlu fəaliyyətinə aparan yoluna körpü salmış, seçiminin müəyyənləşməsinə əsaslı dərəcədə təsir göstərmişdir. Təhsildə fərqlənərək orta məktəbi uğurla başa vurmuş Eldar Quliyev arzularını gerçəkləşdirəcək ünvana – Azərbaycan Xalq Təsərrüfatı İnstituna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) üz tutmuş, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək ali təhsilini bu universitetdə almışdır.
Əmək fəaliyyətinə gənc yaşlarından başlayan və elmə böyük həvəsi olan Eldar Quliyev 1973-1974-cü illərdə Elmi-Tədqiqat İnstutunda işləmiş, 1974-1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975-1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin aspirantı kimi elmi tədqiqat işi ilə məşğul olmuşdur. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (AMKİ) idarə rəisi işləmişdir. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək indiyə kimi ictimai əsaslarla həmin təşkilata rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur. Ölkə ictimaiyyətində qazandığı böyük nüfuz nəticəsində 2020-ci ilin sentyabr ayında Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilən Eldar Quliyev qısa müddətdə bu təşkilatın fəaliyyətinin müasir çağırışlara uyğun təşkil olunmasını təmin etmişdir. Tutduğu yüksək vəzifələrdə işinin gərginliyinə, çətinliyinə baxmayaraq, hər bir vətəndaşa qarşı xüsusi diqqət və hörmət göstərən qayğıkeş bir rəhbər kimi Eldar müəllimin insanlarla ünsiyyət bacarığı, təmkinliliyi və uzaqgörənliyi örnək sayıla bilər.
Bütün həyatını və fəaliyyətini Azərbaycan dövlətinin və xalqının inkişafına, tərəqqisinə həsr etmiş Eldar Quliyev 2000-ci ildən daha bir məsuliyyətli missiyanı öz üzərinə götürmüşdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə seçicilərinin böyük etimadını qazanaraq, deputat seçilən Eldar Quliyev bu gün də Milli Məclisin hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, həmçinin Azərbaycan–Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Elm və təhsil komitəsinin və bir sıra işçi qruplarının üzvü kimi millətimizin rifahı naminə taleyüklü qərar və qanunların qəbul olunmasında, xalqımızı narahat edən bir çox problemli məsələlərin həllində, o cümlədən, müstəqil Azərbraycanda həyata keçirilən demokratik islahatların qanunvericilik bazasının hazırlanması işində, qanunların təkmilləşdirilməsində öz səylərini əsirgəmir. Daim fəal ictimai mövqe nümayiş etdirən Eldar müəllim heç zaman ədalətsizliklə barışmır, həmişə mərdlik nümunəsi göstərir. O, Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi komissiyaların işində, elm, təhsil, kənd təsərrüfatı, tibb, ekologiya və s. sahələrlə əlaqədar qanun layihələrinin hazırlanmasında iştirak edir, şəhid ailələri və qazilərlə görüşərək, onlara maddi və mənəvi dayaq olur. Haqqın, ədalətin yerini tutması üçün zəhmət sərfindən usanmayan, öz prinsiplərindən bir addım da geri çəkilməyən Eldar müəllim yalnız parlament seçkiləri zamanı ona etimad göstərmiş vətəndaşların deyil, xalqımızın hər bir nümayəndəsinin sosial qayğılarını, onların üzləşdikləri problemləri daim diqqət mərkəzində saxlayır.
Eldar Quliyevin mövqeyi hər zaman dövlətçilik mövqeyi, ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi kursuna sadiqlik mövqeyi olmuşdur. Çünki əsl deputat, millət vəkili, ziyalı və ağsaqqal üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olmasıdır. Bu mövqe bir çox hallarda öz yolunu müəyyənləşdirmək istəyən, ağsaqqal sözünə ehtiyacı olan insanlar üçün də istiqamət rolunu oynayır.
Ümummilli lider Heydər Əliyevin “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!” çağırışını öz həyat kredosuna çevirən Eldar Quliyev taleyini xalqın taleyi ilə bağlayaraq respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etmiş, Azərbaycanın həlledici tarixi məqamlarında həmişə milli və dövlət maraqlarını üstün tutaraq xalqa və ölkə başçısına sadiqlik nümayiş etdirmişdir. O, Azərbaycanımızın gələcək tərəqqisinə, iqtisadi yüksəlişinə istiqamətlənmiş Heydər Əliyev siyasətini fəaliyyətində əsas götürmüşdür. Bu gün də möhtərəm Prezidentimiz İlham Əliyevin respublikamızda iqtisadi-siyasi sabitliyi, milli-mənəvi birliyi təmin edən siyasi xəttini dəstəkləyən, müstəqil dövlət quruculuğu prosesində öz imkanlarını əsirgəməyən Eldar müəllim ölkəmizin dünya səviyyəsinə yüksəlməsi üçün onun dinamik inkişafına öz töhfəsini verir.
Eldar Quliyevin rəhbərliyi altında Azərbaycan Ağsaqqallar Şurası hazırda xalqımızın milli mənafeyinə xidmət edən fəaliyyətini daha da intensivləşdirmiş və ictimai-siyasi proseslərdə daha yaxından iştirak etməyə üstünlük vermişdir. Belə ki, Azərbaycan ağsaqqalları bu gün qarşılarında duran əsas vəzifələrinin öhdəsindən layiqincə gələrək, ümummilli liderimizin bizə ərmağan etdiyi, cənab İlham Əliyevin isə daha da inkişaf etdirdiyi və hərtərəfli zənginləşdirdiyi dövlətimizi qoruyur, yaşadır və gələcək nəsillərə ötürürlər. Milli-mənəvi dəyərlərimizin qızıl fondu sayılan bu insanlar cəmiyyətimizin dəyərlər sisteminə daxil olduğu üçün ağsaqqal sözü daim xalqımız tərəfindən ehtiramla qarşılanır. Cəmiyyətin sağlam ruhda inkişafı, gənc nəslin yüksək vətənpərvərlik ruhunda böyüməsi üçün Azərbaycan Ağsaqqallar Şurası Eldar Quliyevin başçılığı ilə öz fəaliyyyətini son zamanlarda ölkəmizdə davam edən pandemiya ilə mübarizə və işğalçı Ermənistanla müharibə şəraitinə uyğun qurmağa çalışmışdır. Əhali, xüsusilə də gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, bütün imkanların ərazi bütövlüyümüzün bərpası üçün səfərbər olunması istiqamətində geniş təbliğat işləri aparılmışdır. Həm silahlı qüvvələrimizə, həm də 44 günlük Vətən müharibəsində şəhid olanların ailələrinə və qazilərimizə maddi-mənəvi qayğı göstərilməsi daim diqqət mərkəzində olmuşdur.
Eldar müəllimin birbaşa nəzarəti altında Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının fəaliyyətini müasir tələblər səviyyəsində qurmaq üçün təşkilati işlər həyata keçirilmiş, cari ilin yanvar-iyun aylarında mövcud pandemiya şəraitində operativ qərargah tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl etməklə rayon və şəhərlərdə keçirilən konfranslarda yerli şuraların yeni əsasnamələri qəbul olunmuş, əhali arasında tanınmış, hörməti və nüfuzu olan şəxslərdən ibarət idarəetmə və nəzarət orqanları formalaşdırılmışdır. Azərbaycan Ağsaqqallar Şurası üzvlərinin və məsul işçilərinin müvafiq rayon və şəhər icra hakimiyyətləri ilə sıx əməkdaşlıq şəraitində təşkil etdikləri bu konfranslarda çıxış edən nümayəndələr ölkəmizdə ağsaqqallara ayrılan xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirərək, xalqımızın milli-mənəvi dəyərlərinin, tarixi ənənələrinin qorunması, təmsil etdikləri ərazidə sosial-iqtisadi və humanitar inkişafa dəstək verilməsi istiqamətində ağsaqqalların qarşısında duran vəzifələrə diqqət yetirmişlər. Eldar Quliyevin sədrliyi ilə ölkəmizin mədəni-ictimai həyatında mühüm rol oynayan, öz sıralarında respublikamızın müdrik ağsaqqallarını, dəyərli ziyalılarını, ictimai-siyasi xadimlərini birləşdirən Azərbaycan Ağsaqqallar Şurası, hər zaman olduğu kimi, 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini təbliğ etmiş, əhaliyə və ordumuza mənəvi dəstək olmuşdur.
Eldar müəllim respublikamızı yaxın və uzaq xaricdə layiqincə təmsil və təbliğ edən böyük ictimai-siyasi xadimlərimizin, ziyalılarımızın sıralarında ön cərgələrdə dayanır. Onun müxtəlif illərdə dünyanın bir sıra ölkələrində beynəlxalq tədbirlərdəki məruzə və nitqlərində, keçirdiyi görüşlərdə respublikamız barədə, ölkəmizin ədəbi-mədəni həyatı, elmi səviyyəsi, geosiyasi vəziyyəti, sürükləndiyi ədalətsiz Qarabağ münaqişəsi və sair problemlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yolunda göstərdiyi fədakarlıq yüksək dəyərləndirilməlidir. O, hər zaman Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı ən aktual məsələlərə, ölkəmizdə həyata keçirilən demokratik proseslərə, islahatlara fədakar ictimai xadim, əsl ziyalı, müdrik ağsaqqal və vətəndaş məsuliyyətilə münasibət bildirir, öz əməli fəaliyyəti ilə bu prosesin fəal iştirakçısı olur.
Eldar Quliyevin insanlarla ünsiyyət mədəniyyəti, təmkinliyi, tələbkarlığı, iradəsi, nikbinliyi, gələcəyə inam hissi onu çoxlarından fərqləndirir. Bu keyfiyyətlər onun yüksək təvazökarlığı ilə tamamlanır. Müdrik ağsaqqal imici və yorulmaz əzmi ilə tanınan Eldar müəllim işgüzarlığı, təşkilatçılığı, müasir düşüncə tərzi ilə Azərbaycan xalqı və dövləti tərəfindən layiqli qiymətini almışdır. Vaxtilə tuduğu vəzifələrdəki uğurlu fəaliyyətinə görə bir çox fəxri fərman və dövlət təltifləri ilə mükafatlandırılan Eldar Quliyev 2011-ci ildə Türkdilli dövlətlərin parlamentlərinin “Fəxri millət vəkili” seçilmiş, 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin olunmuşdur. Geniş elmi fəaliyyətinə və iqtisad elminə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin fəxri doktoru seçilmişdir. Roma şəhərinin “Fəxri alimi”dir. “Atatürk” Beynəlxalq mükafatı, Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən “Taclı Xidmət” ordeni və İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən “Avropa Xidmət Ordeni”, Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “Senator Ulduzu” və “Qızıl Qartal” ordenləri ilə təltif olunmuşdur. Almaniyanın Berlin şəhərində Leybnis adına medalla mükafatlandırılmaqla “Avropanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il iyulun 3-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Eldar Quliyevi “Qızıl medal”la təltif etmişdir. Beynəlxalq təşkilatlarda ölkəmizi uğurla təmsil etdiyinə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar olaraq yubiley medalına layiq görülmüşdür. Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Eldar Quliyevi Türk Dünyası elmində xidmətlərinə görə “Böyük Qızıl Ulduz” medalı ilə təltif etmişdir.
Səmərəli ictimai-siyasi fəaliyyətinə görə 2011-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Dövlətin və xalqın öz ləyaqətli övladına böyük diqqət və ehtiram göstəricisi olan bu mükafatlar Eldar Quliyevin necə şərəfli bir ömür və fəaliyyət yolu keçdiyini sübut etməklə yanaşı, həm də gənc nəsil üçün əsl insanlıq və vətəndaşlıq örnəyi kimi böyük tərbiyəvi əhəmiyyət daşıyır. Lakin biz əminliklə deyə bilərik ki, Eldar müəllim üçün ən böyük mükafat xalqımızın öz dəyərli ağsaqqalına, yüksək ictimai fəaliyyət əzmi və insanlara örnək ola biləcək siyasi mövqeyi ilə fərqlənən ictimai-siyasi xadiminə olan tükənməz sevgisidir.
İqtisad elmləri doktoru, professor Eldar Quliyevin Azərbaycan və bir sıra keçmiş sovet dövlətləri ilə yanaşı, Türkiyədə, ABŞ-da və Avropa ölkələrində çoxsaylı elmi əsərləri və kitabları nəşr edilmişdir. Onlardan ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilən “Müasir dövrdə xarici-iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin xüsusiyyətləri”, “Gömrük işinin təşkili”, “Etibarlı ərzaq təminatı sistemi: Kooperasiya və İnteqrasiya problemləri”, “Aqrar iqtisadiyyat” əsərlərini, həmçinin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” , “Qida təhlükəsizliyinin gücləndirilməsi problemləri və strateji istiqamətləri”, “Kooperasiya Hərəkatı: Təkamülü, Mövcud durumu və İnkişaf meyilləri” monoqrafiyalarını misal göstərə bilərik. 2017-ci ilin mart ayında Almaniyanın çap edilmiş, dünyanın ən qlobal problemlərindən birinə – ərzaq təhlükəsizliyinə həsr olunmuş “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabı ekspert komitəsi tərəfindən Birləşmiş Millətlər Təşkilatının İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edilmişdir.
Milli-mənəvi dəyərlərimizə, həmçinin dinimizə, Allaha sidq-ürəkdən bağlı olan Eldar müəllimin böyüklüyü həm də onun sadəliyindədir. O, heç vaxt özünü zəhmətkeş insanlardan üstün tutmur, onlardan fərqləndirmir.
Zəngin və vüsətli həyat yolu keçən Eldar Quliyev həm də gözəl ailə başçısı, xeyirxah ata və qayğıkeş babadır. Övladlarını yüksək mənəvi ideallar ruhunda tərbiyə edən Eldar müəllimin bu gün nümunəvi ailə ocağı var. Ləyaqətli, nəcib və savab əməllərlə ucalan Quliyevlər xalqını sevən, millətinin tərəqqisi üçün əlindən gələni əsirgəməyən ziyalılar kimi tanınırlar.
Ağılları, ürəkləri fəth edə bilmək yalnız zamanın fövqündə duran, sağlığında insanların qəlbində ölməzlik məşəlini yandıran, mənəvi nüfuz və böyüklük qazanan şəxslərə nəsib olur. Bu şəxsiyyətlərin həyatı bütöv bir xalqın taleyinə dönür. Taleyini xalqın, millətin taleyi ilə bağlayan bu insanların ömrü də millətin ömrü qədər olur. Şərəflə yaşanmış, insanlığa və insanlara örnək olan bu ömür yolunun ən parlaq və yüksək müdriklik zirvəsində dayanaraq bəşəriyyətin tarixinə işıq salan belə şəxsiyyətlər tarixi məqamlarda xalqın taleyinin müəyyənləşməsində mühüm rol oynamaqla adlarını tarixin yaddaşına əbədi həkk edirlər. Və bu gün biz əminliklə deyə bilərik ki, xalqımızın milli ruhunu yaşadan ictimai-siyasi xadim, müdrik ağsaqqal, işıqlı şəxsiyyət Eldar Quliyevin adı xalqımızın yaddaşına və qəlbinə qızıl hərflərlə yazılmışdır.
Azərbaycanımızın tərəqqisinə həsr olunan mənalı ömür yolu, nümunəvi həyat tərzi, gərgin və məsuliyyətli fəaliyyəti ilə xalq arasında nüfuzlu ziyalı və müdrik bir ağsaqqal kimi tanınan və qəbul edilən Eldar müəllimin şəxsiyyətini qiymətləndirmək, şübhəsiz, geniş diapazonlu ictimai-siyasi fəaliyyətinin konturlarını cızmaq çox çətindir. Lakin bu, bir danılmaz faktdır ki, Allah-Təala onu Vətənin tərəqqisinə istiqamətlənmiş əməli fəaliyyət göstərmək, yaxşılıq və xeyirxahlıq etmək, el-obanın dərdinə-sərinə yaramaq, bir sözlə, insanlıq nümunəsi olmaq üçün yaratmışdır. Fəxr edirik ki, onun kimi müdrik ağsaqqalın, dəyərli ziyalının, əzmkar millət vəkilinin və vətənpərvər ictimai-siyasi xadimin rəhbərliyi altında çalışmaq bizə nəsib olmuşdur.
Hörmətli Eldar müəllim!
Sizi – xalqına və dövlətinə xidmət duyğusunu hər şeydən üstün tutan görkəmli şəxsiyyəti, xalqın elçisi adını şərəflə daşıyan və hamının sevgisini qazanmış dəyərli insanı Vətənimiz Azərbaycanın sivil, azad, firavan gələcəyi naminə tükənməz enerji və sevgi ilə sərf etdiyiniz ömrünüzün növbəti ildönümü – 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, həmişə görməyə adət etdiyimiz şux yeriş və gümrah görkəm, möhkəm cansağlığı, ailə səadəti, ölkəmizin, xalqımızın tərəqqisi naminə gərəkli ictimai-siyasi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Allah Sizi qorusun!